4 saylı qadın cəzaçəkmə müəssisəsində
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova açaraq İctimai Birliyin 2011-ci ildən indiyədək PX-in müxtəlif Cəzaçəkmə Müəssisələrində əlil məhbusların problemlərinin həllinə dəstək olmaq üçün apardığı müsbət xarakterli işlərdən danışmışdır. Layihənin direktoru, İB-in sədri Tahir Xudiyev çıxış edərək layihənin məqsədindən danışmışdır. Bundan sonra məhbus qadınlar öz problemləri ilə bölüşərək düşdükləri çətin vəziyyətdən danışmış, problemlərinin həlli üçün İB-dan köməklik istəmişlər. Onların problemləri qeydiyyata götürülmüşdür. Maarifləndirilmə məqsədilə layihə çərçivəsində nəşr edilən “Əlil məhbuslar üçün qanunlar toplusu” adlı kitab məhbuslara paylanmış, CÇM-nın rəhbərliyinə və kitabxanasına təqdim edilmişdir. Kitab hamı tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirdə iştirak edən İctimai Birliyin İdarə Heyətinin üzvü, 1-ci qrup gözdən əlil, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm “ Media mükafatçısı Ülkər Atəş məhbus qadınlara mənəvi dayaq olmaq üçün bir neçə şer ifa etdi. Ən təsirli və maraqlı məqamlardan biri o oldu ki, tədbirin sonunda CÇM-nın rəhbərliyi məhbusların əkdikləri gözəl çiçəklərdən dərib Ülkər xanıma bağışladılar.
Tədbirdə Penitensiar Xidmətinin 4 saylı CÇM-nın rəisi, mayor Ayaz İsmayılov, tərbiyə işləri üzrə rəis müavini, mayor Hikmət Kazımov, bölmə rəisi, ədliyyə baş leytenantı Günay Həsənova, dəstə rəisi, ədliyyə leytenantı Sevinc Qafarova və 70 nəfər məhbus qadın iştirak edirdilər.