“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşları
məhbus ailəsində olmuşlar
Məlumat verildiyi kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layihə həyata keçirir.
7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbus, 2-ci qrup əlil Niyaməddin Səmədov bir neçə dəfə ofisimizdə fəaliyyət göstərən qaynar xəttimizə zəng edərək əvvəlki illərdə onun ailəsinin ünvanlı sosial yardım almasında göstərdiyimiz köməyə görə təşəkkürünü bildirmiş və indi də bu işdə ailəsinin problemlə üzləşdiyini söyləyərək köməklik göstərməyi xahiş etmişdir.
Bu məqsədlə İctimai Birliyin əməkdaşları məhbus Niyaməddin Səmədovun İmişli rayonunda yaşayan ailəsində olmuş və həqiqətən də ailənin maddi vəziyyətinin aşağı olmasını görmüşlər. Məlum olmuşdur ki, məhbus N.Səmədovun atası Zülfəli Səmədovun sağ gözünün olmamasına baxmayaraq, əlillik dərəcəsi yoxdur. Özünün dediyinə görə, əvvəllər həkimin ona verdiyi tibbi arayışı cırıb atmışdır. Zülfəli Səmədov etiraf etdi ki, sağ gözünün kor olması ilə əlaqədar heç bir dövlət təşkilatlarına müraciət etməmişdir. Biz də Zülfəli Səmədova əlillik dərəcəsinin təyin edilməsində köməkliyimizi əsirgəməyəcəyik.