“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsi ilə bağlı B Ə Y A N A T I
Biz, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin kollektivi bu günlərdə Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsinə kəskin etirazımızı bildiririk. Heç bir mötəbər elmi-tarixi mənbəyə əsaslanmayan bu qanunla bağlı öz mövqeyimizi ortaya qoyarkən belə hesab edirik ki, tarixi reallıqdan çox uzaq olan bu qanun heç bir məntiqə, həqiqət meyarlarına və əxlaq normalarına uyğun gəlmir. Əslində, bu qanun tarixən irqindən, milliyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, öz ərazisində yaşamış bütün xalqlara münasibətdə humanist, sülhsevər və tolerant bir siyasət yürütmüş türklərə qarşı yönəldilmiş növbəti böhtan və iftiradan başqa bir şey deyildir. Çünki özlərini bütün dünyaya “yazıq”, “fağır”, və “əzabkeş” kimi təqdim etməyə çalışan ermənilərin iddia etdiklərinin əksinə olaraq, öz milli-genetik xüsusiyyətlərinə görə tərəqqipərvər bir xalq olan və tarixən dünyanın siyasi düzənində öz müstəsna mövqeyi və xüsusi siyasi çəkisi ilə fərqlənən türklər hər bir zaman bütün xalqlarla qarşılıqlı anlaşma və dinc yaşamaq prinsiplərinə sadiq qalmış, diplomatik münasibətlərdə beynəlxalq hüquq-normalarına və prinsiplərinə ciddi riayət etmişlər. Digər tərəfdən, Fransa Senatının bu haqsız, ədalətsiz və qərəzli qanunu qarşıya belə bir məntiqi sual çıxarır: Hamımız müxtəlif tarixi dövrlərdə, o cümlədən 1918-ci ildə ermənilərinin öz himayədarlarının köməyi ilə Türkiyə ərazisində, habelə Azərbaycanın Bakı şəhərində, Quba, Şamaxı bölgələrində, Dağlıq Qarabağda, Naxçıvanda, Qərbi Azərbaycanda, eləcə də ötən əsrin sonlarında Xocalıda türk millətindən olan çoxlu sayda insanları xüsusi amansızlıqla qətlə yetirərək əsl soyqırım həyata keçirmələrini yaxşı bilirik. Yaxın tarixi keçmişə diqqətlə nəzər yetirdikdə ermənilərin Xocalıda XX əsrin ən böyük, qəddar və dəhşətli cinayətlərindən olan birini törətdiklərinin şahidi oluruq. Həmin soyqırım zamanı ermənilər orada yaşayan çoxlu sayda dinc mülki əhalini xüsusi amansızlıqla qətlə yetirmiş və Xocalını Yer üzündən silmişlər. Bu cinayət yalnız Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş bir cinayətdir. Eyni zamanda, Xocalı faciəsi insanlıq tarixində analoqu olmayan, misli görünməmiş cinayətlərdən biridir və Fransa dövlətinin bu günədək həmin cinayətə obyektiv siyasi-hüquqi qiymət verməməsi yalnız təəccüb və təəssüf hissi doğurur.
Tarixi keçmişə nəzər salanda biz həm də həmişə böyük siyasi iddialarla yaşayan ermənilərin gürcülərə, ləzgilərə, yəhudilərə qarşı da qətliam törətdiklərini görürük. Ümumiyyətlə, tarixdən ermənilərin türklərlə yanaşı digər xalqlara qarşı da törətdikləri vəhşiliklərə dair kifayət qədər faktlar, nümunələr gətirmək mümkündür. Belə olan halda nə üçün bütün dünyada özünü insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin beşiyi, bayraqdarı və təminatçısı hesab edən Fransa dövləti və eləcə də özünü dünya ictimaiyyətinə obyektiv bir qurum kimi qələmə verməyə çalışan Fransa Senatı həmin soyqırımlarla bağlı bugünədək müvafiq qərarlar qəbul etməyib?! Yeri gəlmişkən, hesab edirik ki, Fransa Senatının bu qanunu nəinki Türkiyə dövlətinə, eləcə də bütün Türk dünyasını mütərəqqi dünya ictimaiyyətinin gözündən salmağa və onu aşağılamağa yönəldilmişdir. Eləcə də bu qanun yalnız Türk xalqlarının deyil, digər haqsevər vətəndaşların da milli heysiyyatına, mənlik şüuruna, mənəvi-psixoloji durumuna ciddi mənfi təsir göstərmişdir.
Sonda isə bütün yuxarıda qeyd etdiklərimizə uyğun olaraq, Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi məlum qanuna bir daha öz kəskin və qətiyyətli etirazımızı bildirir, Fransa dövlətinin heç bir elmi-tarixi gerçəkliyə və real dəlil-sübutlara əsaslanmayan bu qanununu ləğv etməyə çağırırıq.
“Beynəlxalq Əlillər Cəmiyyəti”
İctimai Birliyinin 1200 nəfər üzvləri adından
Tahir Xudiyev,
Sədr
Bəyanat həmçinin BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, müxtəlif xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə ünvanlanmışdır.