Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in qonağı olmuşlar
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları – Almaniyadan gəlmiş psixoloq Qalina Xainzelmann və Latviyadan gəlmiş psixoterapevt Marina Daliba dünən “Beyənlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin qonağı olmuşlar. İctimai Birliyin İdarə Heyəti üzvləri və “Əlillər Dünyası” qəzetinin əməkdaşları ilə birgə onlar İctimai Birliyin Mədəniyyət Şöbəsinin uşaqlardan ibarət rəqs qrupunun üzvləri ilə də görüşmüşlər.
Rəqs qrupu bu yaxınlarda Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən əlilliyi olan gənclərin “Şərq nağılı” Beynəlxalq Yaradıcılıq Festivalında iştirakına görə Gənclər və İdman Nazirliyi tərəfindən Diplomla təltif edilmişdilər. Həmin Diplomları İctimai Birliyin sədri Tahir Xudiyev, Marina Daliba və Qalina Xainzelmann görüş zamanı uşaqlara təqdim etdilər. Sonra uşaqların ifasında “Azəri”, “Ərəb” və digər rəqslər nümayiş etdirildi. Balaca müğənni, məcburi köçkün ailəsindən olan Röya Əhmədova “Sultanım” mahnısını ifa etdi və qonaqları da rəqsə dəvət etdi. Qonaqlar Azərbaycan milli rəqslərinə, Azərbaycan musiqisinə valeh olduqlarını, bu görüşdən böyük zövq aldıqlarını bildirdilər, uşaqlara və İctimai Birliyə fəaliyyətində daha böyük uğurlar arzu etdilər.
“Əlillər Dünyası” qəzetindən,
05 oktyabr, 2016-cı il