Başsağlığı
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri və "Əlillər Dünyası" qəzetinin Baş redaktoru Tahir Xudiyevə ağır itki üz verib. Bacısı oğlu Babayev Faiq Sehri oğlu vaxtsız vəfat edib.
Faiq Babayev 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, Qafqaz Universitetinin Kompüter Mühəndisliyi bölməsini universitet birincisi olaraq bitirdikdən sonra 2009-2012-ci illərdə həmin universitetin Kompüter Elmləri bölməsində magistr təhsili alıb. Azərbaycanı bir çox xarici ölkələrdə beynəlxalq olimpiada və müsabiqələrdə təmsil edərək 1-ci yerlərə layiq görülüb. Ali təhsilini bitirdikdən sonra Fövqəladə Hallar Nazirliyində Baş proqramçı vəzifəsində çalışıb. 2 il idi ki, Faiq Latviyanın paytaxtı Riqa şəhərində beynəlxalq Accenture şirkətində proqramlaşdırma üzrə qrup rəhbəri vəzifəsində işləyirdi. O, Azərbaycanın ən yaxşı İT mütəxəssislərindən biri idi.
Özündən sonra bir azyaşlı qız övladı qaldı.
Hələ tələbə olarkən Faiq Babayev "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in İdarə Heyəti və "Əlillər Dünyası" qəzeti Redaksiya Heyətinin üzvü idi. O, öz sahəsində hər iki təşkilatın işinə bilik və bacarığı ilə dəstək verir, bütün tədbirlərdə yaxından iştirak edirdi.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB İdarə Heyəti və "Əlillər Dünyası" qəzeti Redaksiya Heyətinin üzvləri adından mərhumun dayısı Tahir Xudiyevə, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in həmtəsisçilərindən olan qardaşı Orxan Babayevə, valideynlərinə və Faiqi sevən bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Məlahət abdullayeva
15 noyabr 2017-ci il