"Beynəlxalq Əlillər Cəmiyyəti" İB layihənin gedişi zamanı əlilliyi olan və imkansız insanların mədəni istirahətini də təşkil edir
Məlumat verdiyimiz kimi, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə həyata keçirir. İctimai Birlik layihə ərzində sadalanan kateqoriyalı insanların problemlərinin həlli istiqamətində işlər görməklə yanaşı, onların mədəni istirahətini də təşkil edir.
Bu yaxınlarda Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bülbül Fondu tərəfindən Azərbaycan incəsənəti və mədəniyyətində tarixi iz qoymuş, Azərbaycan professional vokal sənətinin banisi, dahi Bülbülün 120 illiyinə həsr olunmuş yubiley konserti keçirildi. Respublikamızda tanınmış ziyalılardan ibarət İdarə Heyəti və tolerantlığı əsas götürən "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-də birləşən Bülbülsevərlərin 350 nəfərinə möhtəşəm yubiley konsertinə Fond tərəfindən xüsusi dəvətnamələr ayrılmışdı. Əlilliyi olan insanlara diqqət və qayğısına görə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, Bülbül Fondunun rəhbəri Polad Bülbül oğluna dərin təşəkkürümüzü bildiririk.
Beynəlxalq Muğam Mərkəzində Premier Art Management prodüser agentliyi tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan "Baku Summer Jazz Days" yeni caz layihəsi çərçivəsində məhşur Amerika müğənnisi, bas ifaçısı və bəstərkar Nik Vestin konsertini izləyənlər və zövq alanlar arasında İB-in 100 nəfər üzvü də var idi.
Bundan başqa İB-in əlilliyi olan və imkansız üzvləri, şəhid ailələri üçün Heydər Əliyev Sarayı və Beynəlxalq Muğam Mərkəzində keçirilən bütün konsertlərdə təmənnasız yerlər ayrılır. Əlilliyi olan insanların həyata adaptasiyası və inteqrasiyasına köməklik göstərən bu tədbirlərə dəvət və əməkdaşlıq üçün Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Sarayının və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə bütün kollektivimiz adından təşəkkkür edirik.
Məlahət Abdullayeva
13.06.2018
http://www.qhtxeber.az/news.php?id=10291&lang=az
http://sosialxeber.az/suranin-d%C9%99st%C9%99yi-il%C9%99-beyn%C9%99lxalq-%C9%99lill%C9%99r-c%C9%99miyy%C9%99ti-ictimai-birliyinin-layih%C9%99si-davam-edir/
http://azpress.az/index.php?lang=az§ionid=news&id=81358