Yaddaşlardan silinməyəcək unudulmaz, xeyirxah insan
Bu yazını böyük ürək ağrısı ilə yazıram.
"Neftçi" komandasının veteran futbolçularından biri, xeyirxah, alicənab, nəcib, səmimi, böyük ürəyə malik, vətənpərvər, milli ruhlu, adı həqiqətən də böyük hərflə yazılmağa layiq olan insan Elbrus Abbasovun vəfatı doğmalarını sarsıtdığı qədər məni də çox sarsıtdı. Hələ də özümə gələ bilmirəm. İnsan həyatda elə bir iz qoymalıdır ki, həm sağlığında, həm də ölümündən sonra onun barəsində ancaq xoş sözlər deyilsin. Həmin bu insanlardan biri də Elbrus müəllim idi. Etdiyi saysız-hesabsız xeyirxahlıqlar danılmazdır. İnsanlar o qədər dəyişilib ki, adi sözü deməyə də nəsə umurlar. Amma Elbrus müəllim qarşısındakı insanın problemini öz problemi kimi qəbul edirdi, onun keçirdiyi həyəcanı yaşayırdı, ürəkdən, cani-dildən təmənnasız olaraq əlindən gələn qədər köməklik edirdi. Elbrus Abbasovun şəxsən mənim özümə etdiyi təmənnasız yaxşılığı heç bir maddiyyətlə ölçmək mümkün deyil, əvəzsiz bir yaxşılıqdır. Onun ruhu və ailəsi qarşısında özümü daima mənəvi cəhətdən borclu hesab edirəm. Əminəm ki, mənim kimi bir çox insanlar da Elbrus Abbasov haqqında eyni fikirdədirlər.
Bir neçə gün öncə telefonla danışanda torpaqlarımızın işğaldan azad olunmasına necə şad olması barədə danışdı, sevinə-sevinə "bu yaxınlarda Ağdama qayıdacağıq"-dedi.
Həm öz adımdan, həm də rəhbərlik etdiyim "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in kollektivi adından həyat yoldaşı Gülnar bacıma, övladlarına və doğmalarına dərin hüznlə başsağlığı verirəm, Allahdan səbr diləyirəm.
Əziz qardaşım, deyirlər ki, ər-arvadın torpağı bir yerdən götürülür. Gülnar bacım da sənin kimi dəyərli, xeyirxah bir insandır. Allah sənə rəhmət eləsin, axirət dünyan Cənnət olsun. Amin.
Tahir Xudiyev
15.12.2020