Qədir Rüstəmov
Uzun sürən xəstəlikdən sonra 14 dekabr 2011-ci il tarixində İstanbulun Acıbadem Xəstəxanasında vəfat edən Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmovun cənazəsi bu gün gecə saatlarında Bakıya gətirilib.
Ustad xanəndə həm də “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvü idi. Qədir Rüstəmovun cənazəsini qarşılayanlar arasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev və digər əməkdaşlarımız da var idi.
Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada yaşayıb və xanəndə kimi yetişib. Özünəməxsus ifa tərzi ilə əsil xalq artisti kimi xalqın sevgisini qazanıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları radionun fondunda saxlanılır.
Qarabağ, Ağdam həsrəti ilə dünyasını dəyişən Qədir Rüstəmovla vida mərasimi Bakı Musiqi Akademiyasında oldu. Mərhumu İkinci Fəxri xiyabanda dəfn etdilər.
3 gün Təzə Pir məscidində Yas mərasimi keçirildi.
Qeyd edək ki, Prezident İlham Əliyev başda olmaqla ölkənin dövlət və hökumət adamlarının, incəsənət xadimlərinin Qədir Rüstəmovun vəfatı ilə bağlı nekroloqu yayılıb.
Nekroloqda deyilir ki, gənc yaşlarından mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmov nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanıb. O, ömrünün sonuna kimi xanəndəlik sənətinə sadiq qalıb:
“Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz Qədir Rüstəmovun ifası ilə yenidən həyat qazanıb. Sənətkarın son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnı hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadır.
Ecazkar səsi, təkrarolunmaz ifaçılığı və dinləyicinin mənəvi aləminə nüfuz etməklə onda güclü emosional təsir yaratmaq bacarığı musiqisevərləri və muğam bilicilərini Qədir Rüstəmov sənətinin vurğununa çevirib. Mahir muğam ustasının ifasında səslənən bir sıra muğam dəstgahları, o cümlədən “Rast” və “Çahargah” musiqi mədəniyyətimizin qızıl fonduna daxil olub. O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı filmdə klassik muğam ifaçısı obrazını ustalıqla canlandırıb.
Qədir Rüstəmovun milli musiqimizə hədsiz vurğunluğu və sədaqəti gənc xanəndələr nəsli üçün əsl sənət məktəbidir.
Görkəmli xanəndə, səmimi və təvazökar insan Qədir Çərkəz oğlu Rüstəmovun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.
Bu həm də bizim Cəmiyyətin böyük itkisi sayılır.
Allah rəhmət eləsin!