BAŞ REDAKTORDAN
“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağlı qlobal məsələlər, təkliflər işıqlandırılacaq. “Əlillər Dünyası” planetimizin sivil ölkələrinin ən yaxşı təcrübələrini nümunə kimi dərc edəcək.
İmkan daxilində qəzetimizin hər sayında hüquqşünasların oxucularımızın sorğularına cavabları təşkil olunacaq. Bu da əlillərin hüquqi cəhətdən maarifləndirilməsinə gətirib çıxaracaq.
Bunlardan əlavə, oxucularımız asudə vaxtlarında qəzetimizin səhifələrində ədəbiyyat, incəsənət nümunələrini, əyləncə xarakterli materialları oxuya biləcəklər.
Əziz oxucular, qəzetimizi izləyin. O, sizin qəzetiniz, doğmanız olmaq üçün səylərini əsirgəməyəcək. “Əlillər Dünyası” sizin dünyanız olacaq.