CƏMİYYƏT HAQQINDA
"Beynəlxalq Əlillər Cəmiyyəti”
İctimai Birliyi haqqında
məlumat
Əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası 2008-ci il oktyabr ayının ikisindən “Əlillərin hüquqları haqqında Beynəlxalq Konvensiya”ya qoşulmuşdur.
Azərbaycan Mətbuat Şurasının üzvü olan “Əlillər Dünyası” qəzeti 2003-cü ildən, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi isə 2008-ci ildən fəaliyyət göstərir.
Birliyin fəaliyyətinin əsas məqsədi bütün kateqoriyalardan olan əlilliyi olan insanların sosial müdafiəsini gücləndirmək üçün yerli, beynəlxalq və xarici təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasından ibarətdir və daimi, əbədi fəaliyyət göstərmək üçün təsis edilmişdir. “Beynəlxalq Əlillər Cəmiyyəti” İB dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirir, bütün kateqoriyalı əlilliyi olan insanların, eyni zamanda əlilliyi olan məhbusların özlərinin və ailə üzvlərinin haqqının və hüquqlarının müdafiəsi, sosial və tibbi problemlərinin həlli ilə məşğul olur, yeri gəldikdə ictimai vəkillik də edir. Eləcə də əlilliyi olan insanlara psixoloji yardım, hüquqi və sosial xidmətlər göstərir, əlillərin təhsil, müalicə, maddi yardım almasına kömək edir və onların sosial-iqtisadi problemlərini ictimailəşdirir. Nizamnaməsinə uyğun olaraq İctimai Birlik əlilliyi olan insanların ayrı-ayrı ekstremist qrupları tərəfindən terror fəaliyyətində iştirakının, həmçinin əlilliyi olan qadınların ictimai bəlalara (insan alveri, narkotik vasitələrin daşıyıcısı, psixotrop dərman preparatlarının qanunsuz dövriyyəsi) cəlb olunmasının qarşısının alınması üçün dövlət proqramında nəzərdə tutulmuş maarifləndirmə işləri apara bilər.
Birlik siyasət və kommersiya fəaliyyəti ilə məşğul deyil.
Öz fəaliyyətində tolerantlığı əsas götürür. Belə ki, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir kəs Birliyin üzvü ola bilər.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis edə bilər.
Mətbuat Xidməti