M Ü R A C İ Ə T
Azərbaycan Respublikasının Prezidenti
möhtərəm İlham Əliyev cənablarına
Surəti: Birinci Vitse-prezident
Mehriban xanım Əliyevaya
Surəti: Ədliyyə naziri
cənab Fikrət Məmmədova
"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi
və "Əlillər Dünyası" qəzeti adından
M Ü R A C İ Ə T
Hörmətli cənab Prezident!
Bütün kollektivimiz daima Sizin sosial-siyasi kursunuzu dəstəkləyir və 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Sizə uğurlar arzulayır. İnanırıq ki, yenidən Prezident seçilməyinizlə əlilliyi olan insanlara göstərdiyiniz diqqət və qayğı daha da artacaq, onların problemlərinin həlli istiqamətində uğurlu addımlar atılacaq...
Möhtərəm cənab Prezident!
Bildirirk ki, Zaqatala rayon məhkəmə icraçıları, ümumiyyətlə icraçılar özlərini müstəqil bir dövlət kimi hiss edir, məhkəmə qərarlarını öz maraqları üçün istifadə etməklə lazım gəldikdə məhkəməyə dolayısı ilə təsir də göstərir, öz istədikləri kimi hərəkət edirlər. Onların yarıtmaz işi bizimlə aparılan işdə tam öz əksini tapmışdır, belə ki, 10 fevral 2011-ci il tarixində Zaqatala rayonu Muxax kənd sakini Nurayev Rüstəm Oruc oğlunun əlilliyi olan üzvlərimizi aldadaraq aldığı 8 min (səkkiz) ABŞ dolları məbləğində pulun geri qaytarılması barədə Zaqatala Rayon Məhkəməsinin 6 il bundan əvvəl çıxardığı qərar icra olunmamışdır. Bu məsələ ilə bağlı ƏN İcra Baş İdarəsində və Zaqatala Rayon İcra İdarəsində dəfələrlə olmağımıza baxmayaraq 6 ildən artıqdır ki, bu qərarın icrası barədə heç bir əməli işləri yoxdur.
Zaqatala Rayon Məhkəmə İcrası İdarəsinin işi uşaqlar ağlayanda oyuncaq və ya şirni verib sakitləşdirilən kimi, bunlar da həmin üsuldan istifadə edir, incik insanları belə yola verirlər. İcraçıların yaşlı, xəstə və əlilliyi olan insanlarla davranışı bax budur. İcraçılar kim və nə üçün çalışırlar, xalq üçünmü, dövlət üçünmü, şəxsi mənafeləri üçünmü?
Bunların maraq dairələri olanda hər bir üsuldan istifadə etməyi çox gözəl bacarırlar, hətta küçə davranışlarından belə istifadə etməkdən çəkinmirlər. 6 ildə bizim başımıza açmadığı oyun qalmayan Zaqatala rayon icra idarəsinin rəisi Hikmət Darçınov öz işinin öhdəsindən gələ bilmədiyi halda, əksinə Balakən rayon icra idarəsinın rəisi vəzifəsinə təyin edilmişdir. Bu işlə aidiyyəti orqanlara dəfələrlə ərizə və müraciət etməyimizə baxmayaraq, bu günədək heç bir nəticəsi olmamışdır. Biz əl açıb heç kimdən nəsə dilənmirik, yalnız dövlətimizdən bu işdə dəstək istəyirik. Başqa yolumuz yoxdur.
Möhtərəm Prezidentimiz!
Ümidimiz yalnız Sizədir. Ona görə açıq müraciət edirik.
Əvvəlcədən Sizə bütün kollektivimiz adından təşəkkür edirik.