Allah rəhmət eləsin
Uzun müddət Ağdam səhiyyəsinə rəhbərlik etmiş gözəl həkim Gülnar bacımızın dünyasını dəyişməsi bu yaxınlarda həyat yoldaşı Elbrus Abbasovun vəfatı xəbərindən sonra bizə daha ağır bir zərbə oldu. Deyirlər ki, ərlə arvadın torpağı bir yerdən götürülür. Həqiqətən də Gülnar xanımla Elbrus müəllimin torpağı sanki bir yerdən götürülmüşdü. Hər ikisi xeyirxah, mehriban, vətənpərvər insanlar idi. Bu nümunəvi ailə ilə rayonda yaxın qonşu olmuşuq. Baş həkim işlədiyi vaxtlarda isə daima əlilliyi olan insanlara və şəhid ailələrinə olan qayğı və diqqətinin şahidi olmuşuq. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in vasitəsi ilə də bu qayğını davam etdirirdi, qarşılıqlı əməkdaşlıq etmişik.
Elbrus müəllim və Gülnar xanımın həyatımın ən çətin bir vaxtında şəxsən mənim özümə etdikləri təmənnasız yaxşılığı ömrüm boyu unutmaram. Mənə edilən haqsız-ədalətsiz şantajın acısını sanki onlar da mənimlə bərabər yaşayırdılar. Mənə və doğmalarıma qarşı isti və doğma münasibətlərini unutmayacağam.
Gülnar xanımın övladlarına və qardaşı Namiqə dərin hüznlə başsağlığı verirəm.
Günlar bacım, Allah sənə və həyat yoldaşın Elbrus müəllimə rəhmət eləsin! Amin.
Tahir Xudiyev
04.01.2021