10 dekabr -İnsan hüquqları günüdür
Məlumdur ki, 1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.
Hər bir insan irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və başqa hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir. Bu bizim Konstitusiyamızda təsbit olunmuş və İctimai Birliyimizin Nizamnaməsində də öz əksini tapmışdır.
Hər bir ölkədə olduğu kimi vətəndaş cəmiyyəti dövlətin güzgüsüdür.
Məlumat üçün bildiririk ki, rəhbərlik etdiyim “Əlillər Dünyası Qəzeti Redaksiyası” MMC hüquqi şəxs kimi 2004-cü ildən fəaliyyət göstərir. “Əlillər Dünyası” qəzetimiz 2010-cu il dən Azərbaycan Mətbuat Şurasının üzvüdür. Bu müddət ərzində qəzet irqindən, cinsindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün kateqoriyadan olan əlillərin, tənha qocaların və yoxsul təbəqədən olan insanların hüquqlarını müdafiə etmiş, onların həyat tərzini, qayğı və problemlərini, həmçinin onlara göstərilən köməkliyi mətbuat vasitəsi kimi ictimaiyyətin nəzər və diqqətinə çatdırmışdır.
2008-ci ildən fəaliyyət göstərən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyimiz də fiziki qüsurlu insanların hüquqlarının qorunmasına həsr olunmuş monitorinqlər aparır, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, digər mədəni-kütləvi tədbirlər həyata keçirir. Birlik öz fəaliyyətində tolerantlığı və multikulturizmi əsas götürür. Belə ki, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir kəs Birliyin üzvü ola bilər.
Birliyin əsas məqsədi dünyada yaşayan bütün kateqoriyadan olan əlil ictimai birlikləri ilə qarşılıqlı əməkdaşlıq etməkdən və təcrübə mübadiləsi aparmaqdan, bu sahədə toplanmış təcrübəni öyrənmək və respublikada tətbiq etməkdən ibarətdir. Birliyimiz müxtəlif beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq edir. Birliyin lideri kimi Avropa və Asiyanın, Qərbin bir çox ölkələrində olmuş, əlil problemlərinə həsr edilmiş konfrans və seminarlarda iştirak etmişəm. İctimai Birlik həmçinin sorğular keçirərək fiziki qüsurlu insanların qlobal problemlərinin həlli sahəsində qarşıya çıxan çətinliklərin müsbət həlli istiqamətində aidiyyəti dövlət qurumları, yeri gəldikdə isə beynəlxalq təşkilatlar qarşısında təkliflər irəli sürür. Qəzetimiz və İctimai Birliyimiz lazım gəldikdə ictimai vəkillik edir və ictimai nəzarəti həyata keçirir. Gördüyümüz bütün işlər www.bec.az saytımızda öz əksini tapmışdır.
Azərbaycanda insan hüquq və azadlıqları dövlət səviyyəsində qorunur, qanunun aliliyi təmin olunur və hər bir vətəndaş özünü azad hesab edə bilər. Lakin hər bir cəmiyyətdə olduğu kimi bizim də cəmiyyətdə müəyyən çatışmazlıqlar var. Belə ki, bəzi məmur özbaşınalığı əhali arasında müəyyən narazılığa səbəb olur və bizim əsas fəaliyyətimizdən biri də odur ki, məmur özbaşınalığından yaranmış bu narazılıq dövlətin güzgüsü olan İctimai Birliklərdə öz əksini tapsın və aradan qaldırılması üçün müvafiq tədbirlər görülsün.
Bəzən hüququ pozulmuş hər hansı bir vətəndaş elə məmurla rastlaşır ki, o, hüququ pozulmuş insana qanunamüvafiq şəkildə kömək etmək, hüququnu bərpa etmək əvəzinə, ona yuxarıdan aşağı baxır, probleminə laqeyd yanaşır. Bu vəziyyəti görən vətəndaş öz haqqını tələb edəndə, həmin məmurda vətəndaşa qarşı kin-kidurət, şəxsi-qərəzlik yaranır. O, öz vəzifəsindən sui-istifadə edərək istər vətəndaşdan, istərsə də vətəndaş cəmiyyətinin liderindən qisas almaq üçün onun haqqında süni surətdə mənfi rəy formalaşdırmaq və nüfuzdan salmaq üçün müxtəlif vasitələrdən istifadə edir.
Lakin fəaliyyətimiz dövründə rastlaşdığımız əksər dövlət məmurları prezidentimizin etimadını doğruldur, öz vəzifələrini ləyaqətlə yerinə yetirir, insan hüquq və azadlıqlarına, bu sahədə Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşır, Vətəndaş Cəmiyyətinin lideri kimi onların diqqətlərinə çatdırdığımız nöqsanların operativ həllinə çalışırlar. Hətta bildirirlər ki, bu nöqsanları nəzərimizə çatdırmaqla siz bizə dəstək və köməkçi olursunuz.
Bir İctimai Birlik kimi biz yalnız azadlıqda olan, köməyə ehtiyac duyan əlillərə, imkansızlara deyil, hətta cəzaçəkmə müəssisələrindəki əlillərə və onların sosial köməyə ehtiyacı olan ailə üzvlərinə də daima köməklik edir, pozulmuş hüquqlarının bərpasında onlara yardımçı oluruq. Azadlıqdakı insan müəyyən qədər öz hüquqlarını müdafiə edə bilir, lakin məhbus əlillər özlərinin və ailələrinin sosial problemlərini həll etmək iqtidarında deyillər. Fəaliyyətimiz dövründə insan hüquqlarının müdafiəsi istiqamətində gördüyümüz işlərə 100-lərlə nümunə göstərə bilərik. Əlimizdə buna aid rəsmi faktlar və sənədlər vardır. Təkcə son 3 ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində uğurla həyata keçirdiyimiz 3 layihə buna bariz nümunədir.
Fəaliyyətimiz dövründə bəzi məmurlar tərəfindən İctimai Birliyin lideri kimi müxtəlif təzyiq və təqiblərə məruz qalsam da, səhhətimdəki ciddi problemlərə baxmayaraq, gördüyüm hər bir xeyirxah işdən zövq alıram, qürur duyuram. Bu işlər sanki mənə yaşamaq qüvvəsi verir, məni həyatda yaşadır.
Fikrimizcə, İctimai Birlik kimi öz fəaliyyətimizlə dövlətimizin insan hüquqlarının qorunması və digər sahədə gördüyü işlərə dəstək olmaq, dövləti xalqa sevdirmək deməkdir.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD