İyun ayının 12-də Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşdı. Heydər Əliyev Mərkəzində keçirilən müsabiqənin final mərhələsində 7 gənc xanəndə - Rəvanə Əmiraslanlı, Almaxanım Əhmədli, Nurlan Namazov, Valid Abdullayev, Məcid Əsri, Səma Sultanova və Pərviz Qasımov birincilik uğrunda mübarizə apardılar.
Üç ay müddətində davam edən 6-cı “Muğam televiziya müsabiqəsi”nin münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli müsabiqənin Qran-pri mükafatını, Pərviz Qasımov birinci yeri, Səma Sultanova və Rəvanə Əmiraslanlı ikinci yeri, Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri isə üçüncü yeri qazandılar. Qaliblərə mükafatları respublikamızın görkəmli şəxsiyyətlərindən ibarət olan münsiflər heyətinin üzvləri təqdim etdilər. Birinci yerə layiq görülən gənc mahir muğam ifaçısı Pərviz Qasımov həm də “Tamaşaçı alqışı” mükafatını qazandı.
Mükafatlandırmadan sonra Xalq Artisti Əlibaba Məmmədov muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirdi.
Digər tamaşaçılarla yanaşı “Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri də “Muğam televiziya müsabiqəsi-2017”-nin yekun konsertini canlı izləmək şansı əldə etdilər. Sədr Tahir Xudiyev münsiflər heyətinin üzvləri- Xalq artisti, professor, Milli Konservatoriyanın muğam kafedrasının müdiri Arif Babayev və Xalq artisti, Prezident mükafatçısı, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovla söhbəti zamanı bu gənclərin çox yüksək səviyyəli muğam ifalarından həqiqətən feyziyab olduqlarını bildirdi. Bu da əlilliyi olan insanların həyata inteqrasiyasına böyük dəstəkdir.
Sonda müsabiqənin gənc qalib xanəndələrinin birgə ifa etdikləri “Qarabağ şikəstəsi” və Azərbaycan Respublikasının dövlət himni isə hamıya böyük zövq verdi.
“Beynəlxalq Əlillər Cəmiyyəti”nin İdarə Heyəti üzvü, yazıçı-publisist, 1-ci qrup əlil Rasim Gənzəli onu da qeyd etdi ki, müsabiqənin davam etdiyi 3 ay ərzində gənc muğam ifaçılarını canlı izləmək üçün İctimai Birliyin əlilliyi olan və imkansız üzvlərinə daima dəvətnamələr verilib. Buna görə Rasim Gənzəli, İctimai Birliyin Tibb xidməti şöbəsinin əməkdaşları Nailə Bağırova və Aynur Qəhrəmanova Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Televiziyasının rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə Cəmiyyətin üzvləri adından öz dərin təşəkkürlərini bildirdilər.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD