"Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə

“Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihənin icrası ilə əlaqədar 4, 6, 10, 12, 14 saylı Cəzaçəkmə Müəssisələrində bilavasitə olmuşuq və ofisimizdə fəaliyyət göstərən “İnam Telefonu” vasitəsi ilə bizə müraciət edən 2 əlil məhkumun ailələsinin və özünün sosial problemlərini həll etmişik.

4, 6, 12 və 7 saylı CÇM-larda cəzaçəkən 7 nəfər əlil məhkumların ailələrinin sosial problemlərinin, 10 və 14 saylı CÇM-larda cəzaçəkən 2 nəfər gözdən əlil məhbusun səhhəti ilə bağlı, 7 saylı CÇM-da cəzaçəkən 1 nəfər məhbusun bilavasitə özünün sosial probleminin həlli ilə əlaqədar aidiyyəti dövlət təşkilatlarına müraciətlər etmişik və hər birinin müsbət həllinə nail olmuşuq. Bakının və respublikamızın 6 müxtəlif rayonlarında -Sumqayıt şəhəri, Kürdəmir, Bərdə, Mingəçevir, İmişli rayonları, Maştağa qəsəbəsində yaşayan əlil məhbus ailələrində olaraq onların sosial problemləri ilə yaxından tanış olmuş və bu problemlərin həlli üçün bacardığımız köməkliyi göstərmişik. 7 nəfər əlil məhbusun ümumilikdə 14 nəfər ailə üzvlərinin sosial problemlərinin həlli ilə əlaqədar müxtəlif dövlət təşkilatlarına müraciət etmişik. Layihə çərçivəsində 10 nəfər əlil məhbusun sosial problemlərinin həlli ilə məşğul olmuşuq.
Bir məhbus ailəsində olarkən onun 2-ci qrup əlil olan həyat yoldaşı bildirdi ki, yaşadıqları evə qeydiyyata düşə bilmir. Həmçinin övladları -1992-ci il təvəllüdlü 21 yaşlı Mənsurə Zərbəliyeva və əkiz qızları - 1993-cü il təvəllüdlü 20 yaşlı Gülbəniz və Aybəniz üçün müəyyən səbəbdən hələ indiyə qədər şəxsiyyət vəsiqəsi ala bilməyiblər və yaşadıqları ünvana da qeydiyyata düşmək işində də böyük problemlər var. Eyni zamanda ailənin dövlət tərəfindən verilən ünvanlı sosial yardıma ehtiyacları vardır. Onu da qeyd etmək istəyirik ki, məhbusun 1-ci qrup əlil olan qardaşı 10 ildən artıqdır ki, ayaqlarını itirmişdir. Ayaq protezi və qoltuq ağacı olmadığından çox çətinliklə stullardan tutaraq hərəkət edir. Bu imtiyazlı məhbus ailəsinin sosial problemlərinin həlli ilə məşğul olaraq aidiyyəti dövlət təşkilatına müraciət etdik. Artıq məhkumun uşaqları şəxsiyyət vəsiqələri ilə təmin olunub və öz evlərinə qeydiyyata götürülüblər.
Layihənin icrası zamanı “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in ofisində fəaliyyət göstərən “İnam telefonu”na layihənin coğrafiyasına aid olmayan CÇM-dan da zəng daxil olub. 2-ci qrup əlil olan məhkum, ailəsinin sosial problemi ilə məşğul olmağı İB-in sədri Tahir Xudiyevdən xahiş etmişdir. Həmin məhbus bildirmişdir ki, onun atası da 2-ci qrup gözdən əlildir. O, İmişli rayonunda yaşayan ailəsinin əvvəllər ünvanlı sosial yardım aldığını, 2 aydır isə naməlum səbəbdən bu yadımın kəsildiyini bildirmiş, ailəsinin maddi vəziyyətinin acınacaqlı olduğunu söyləmiş və aztəminatlı ailə kimi ünvanlı yardım alınmasında onun ailəsinə köməklik göstərməyi xahiş etmişdir. Biz əlil məhkumun ailəsinin sosial problemi ilə yaxından tanış olmaq üçün dəfələrlə məhkumun həyat yoldaşı ilə telefon əlaqəsi saxladıq, onun problemini bir daha soruşduq. O, söylədi ki, heç bir yerdə işləmir, 4 və 7 yaşlarında 2 övladı var. Əvvəllər dövlət tərəfindən verilən ünvanlı sosial yardımı iki aydır ki, kəsiblər. Bu isə maddi durumu çox acınacaqlı olan ailənin vəziyyətini daha da pisləşdirib. Xanım dəfələrlə “İnam telefonu”na zəng edərək rayon ƏƏSMM-nin işçiləri tərəfindən kobud sözlərlə təhqir olunduğunu, sosial yardımın hələ də təyin edilmədiyini söyləmişdir. O, hətta ağlaya-ağlaya dedi ki, ailənin maddi vəziyyəti o qədər pisdir ki, özünü öldürmək istəyir. İB-in bilavasitə müdaxiləsindən sonra artıq 2-ci qrup əlil olan məhkumun ailəsinin bu problemi müsbət həll edildi

Həyata keçirilən imtiyazlı məhbuslarla bağlı layihə çərçivəsində 2 nəfər əlil məhkumun xarab olub çirk edən göz protezləri “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin təşəbbüsü ilə dəyişdirildi. Göz protezlərin dəyişdirilməsi ilə bağlı görülən bu xeyirxah tədbir KİV və İTV vasitəsilə yayımlandı. Bizə bu işdə yaxından köməklik göstərdiyinə görə, Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Oqtay Şirəliyevə, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və tibbi personalına İB-in kollektivi adından öz minnətdarlığımızı bildiririk.

Layihənin icrası zamanı “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-yə imkansız ailə başçısı müraciət edərək bildirmişdir ki, maddi imkansızlıq üzündən 15 və 12 yaşlı oğlanlarını hələ də sünnət etdirə bilməyib. Onu da qeyd edək ki, hər iki gənc anadangəlmə fiziki qüsurludurlar. İctimai Birlik maddi imkanı çox ağır olan bu ailənin fiziki qüsurlu övladlarının bu probleminin müsbət həll olunmasına nail oldu. Bizim müraciətimiz əsasında bu xeyirxah işdə köməklik göstərənlərin hamısına “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzetimizin əməkdaşları adından minnətdarlığımızı bildiririk.

Layihənin həyata keçirildiyi dövrdə - 2 may 2013-cü il tarixində "Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti tərəfindən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın xanımı Feyt Pirs Morninqstarın şərəfinə Abşeron Rəsm Qalereyasında sağlamlıq imkanları məhdud olan uşaqların rəsm əsərlərindən və digər əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə 6 nəfər fiziki qüsurlu şəxsin 50-yə yaxın rəsm əsəri və digər əl işlərinin nümayiş etdirilmişdir. Bu sərginin təşkil olunmasında əsas məqsəd sağlamlıq imkanları məhdud olan istedadlı uşaqların, onların əl işlərinin dünya ictimaiyyətinə tanıdılması, onlarda həyata və yaradıcılığa olan marağı daha da artırmaq və onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə köməklik göstərmək və bu mövzuda beynəlxalq aləmdəki əlil təşkilatlar ilə əməkdaşlıq etmək və dostluq əlaqələri qurmaqdan ibarət olmuşdur.
Sərgidə çıxış edən cəmiyyətin sədri və qəzetin baş redaktoru Tahir Xudiyev sərgi haqqında ümumi məlumat vermiş, bu sərginin təşkil olunmasının əsas məqsədindən söz açmış və bu cür istedadlı insanların əməyinə qiymət verməyin vacibliyindən danışmışdır. Həmçinin sərgidə iştirak edən Amerika səfirinin həyat yoldaşı xanım Morningstar da çıxışında və KİV üçün verdiyi müsahibəsində bu sərginin ona çox xoş təsir bağışladığını və keçirilən sərgilərin içərisində ən çox bəyəndiyi sərgilərdən biri olduğunu qeyd etmişdir. O, bunu sərgidən sonra İctimai Birliyin sədri Tahir Xudiyevə xüsusi ünvanladığı məktubunda da vurğulamışdır. Sərgidə nümayiş etdirilən bir neçə əl işləri xanım Morningstara hədiyyə edilmişdir. Xanım Morningstar həmin məktubunda hədiyyə üçün bir daha təşəkkür etmiş və həmin hədiyyələrin səfirlikdə təşkil edilmiş xüsusi guşədə yer aldığını bildirmişdir. Həmçinin sərgidə əl işləri nümayiş etdirilən fiziki qüsurlu insanlara - Raya Mirzəyeva, Vasif Nəcəfli, Həsənağa Quliyev, Diana Bayramova, Ümid Cümşüdov və Aybəniz Nəsirovaya ayrı-ayrılıqda təşəkkürünü bildirməyi xahiş etmişdir.
Xanım Morningstar “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədri Tahir Xudiyev tərəfindən təşkil olunmuş bu zəhmət tələb edən sərgini, sağlamlıq imkanları məhdud olan bu uşaqlara göstərilən diqqət və qayğını çox yüksək qiymətləndirmişdir. O eyni zamanda bildirmişdir ki, "Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin Cəzaçəkmə Müəssisələrində olan sağlamlıq imkanları məhdud insanlar ilə keçirdiyi bütün görüşlərdən, tədbirlərdən məlumatlıdır və bu təşəbbüsü yüksək qiymətləndirir. Amerika səfirinin xanımı ilə bərabər onun tərcüməçisi və səfirliyin Mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev də sərgidə iştirak etmişlər.
Tədbirdə iştirak edən Ombudsman Aparatının Baş məsləhətçisi Muqalib Mahmudov isə bu sərginin sağlamlıq imkanları məhdud olan uşaqlar üçün stimulverici tədbir olduğunu, onlarda yaradıcılığa olan marağı daha da artırdığını və bu kimi tədbirlərin tez-tez təşkil olunmasının vacibliyini söyləmişdir. Həmçinin sərgidə iştirak edən Almaniya səfirinin səlahiyyətli nümayəndəsi xanım S. Kristina da sərgi barədə öz xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüşdür. Eyni zamanda tədbirdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov da iştirak etmişdir.
Sərgidə İTV, AZƏRTAC və digər KİV nümayəndələri, tanınmış elm və incəsənət xadimləri, dövlət təşkilatları və QHT-lərin, digər səfirliklərin və beynəlxalq təşkilatların, həmçinin ictimaiyyət nümayəndələri də iştirak etmişdir. Ümumilikdə sərgiyə 300-ə yaxın insan qatılmışdır. Sərgi gələn qonaqlara çox xoş təəssürat bağışlamışdı.

"Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinin yerləşdiyi Nizami rayonu Ş. Mirzəyev-34 ünvanında fəaliyyət göstərən “İnam telefonu”na Cəzaçəkmə Müəssisəsində cəzaçəkən digər bir məhkum tərəfindən zəng daxil olmuşdur. 2009-cu ildən SPİD xəstəsi olan məhkumun özünün sosial problemi də müsbət həll edildi.
Məlumdur ki, törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün əlil məhkumlar bilavasitə özlərinin və ailələrinin sosial probleminin həlli ilə məşğul ola bilmirlər. Layihəmizin həyata keçirilməsində bizim əsas məqsədimiz də məhz bu işdə onlara köməklik etməkdən ibarətdir.

Fikrimizcə əlil məhbusların öz problemlərinin həlli üçün bizə İB-ya müraciət etmələri, 2011-ci ildən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların özlərinin və onların xüsusi qayğıya ehtiyacı olan ailələrinin sosial problemlərinin həlli istiqamətində apardığı müsbət nəticəli işlərin bəhrəsi və ictimaiyyət arasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ya etimadın artmasının bir nümunəsidir.

Layihənin gedişi zamanı ümumilikdə 10 nəfər əlil məhbusun - 4 nəfər əlil məhbus ailələrinin sosial probleminin həlli üçün ƏƏSMN-nə, 1 nəfər əlil məhbusun ailəsinin 3 nəfər üzvünün probleminin həlli üçün Daxili İşlər Nazirliyinə, 3 nəfər əlil məhbusun 3 nəfər ailə üzvlərinin təmənnasız müayinə və müalicəsi üçün, 2 nəfər əlil məhbusun isə özünün əməliyyat olunması üçün Səhiyyə Nazirliyinə, 1 nəfər məhbusun isə bilavasitə özünün sosial probleminin həlli üçün müraciətlər etmişik.

Bizim fikrimizcə, əlil məhbusların cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradır.

Ən maraqlısı o idi ki, 2012-ci ildə CÇM-larda həyata keçirdiyimiz layihə zamanı müşahidə etdiyimiz kimi məhbuslar daha özləri və öz problemləri barədə danışmaqdan çəkinmirdilər. Onlar artıq sanki bizim İctimai Birliyimizi ümid yeri kimi görərək öz problemlərini bizimlə bölüşməyə can atırdılar. Bu, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in keçən il həyata keçirdiyi layihə ərzində məhbusların ailələrinin problemlərinin həlli istiqamətində apardığı uğurlu işlərin nəticələridir.

İctimai Birlik tərəfindən layihə çərçivəsində “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı 372 səhifəlik 150 ədəd maarifləndirmə kitabı nəşr etdirilmişdir. Kitabda məhbusları və onların ailələrini maraqlandıracaq bir çox milli və beynəlxalq qanunvericilik sənədləri toplanmışdır. Kitabda İB-in sədri Tahir Xudiyev giriş sözü ilə çıxış etmiş, AR ƏN PX-in rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, İB-in sədr müavini, AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru, Qabaqcıl maarif xadimi Mir Müstəqil Ağayev, 1-ci qrup gözdən əlil, İB-in sədr müavini, “Qızıl qələm” Media mükafatçısı, şairə Ülkər Atəş isə öz müsbət fikirlərini bildirmişlər. General-mayor Hüseyh Əlixanov kitaba giriş sözündə yazmışdır: “Penitensiar müəssisələrdə məhkumların sosial hüquqlarının qorunması istiqamətində, eyni zamanda əlillərin dövlət qayğısından kənarda qalmasının qarşısının alınması və onların sosial reabilitasiya sisteminin səmərəliliyinin artırılması üçün Penitensiar xidməti ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi arasında tədbirlər planı imzalanmış və bu gün də fəaliyyət göstərir...

... Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin rəhbəri Tahir Xudiyevin gərgin əməyi və səyinin nəticəsi olan bu qanunvericilik toplusu əlil və ahıl vətəndaşlarımıza göstərilən diqqət və qayğının əyani təzahürüdür. Bu vəsaitin ərsəyə gəlməsində təşəbbüs göstərən, maliyyə vəsaiti sərf edən hər bir kəsə öz dərin minnətdarlığımı bildirir, əlil və ahıl ata və analarımıza, bacı və qardaşlarımıza möhkəm cansağlığı, xoşbəxt həyat, hər şeydən zəruri olan hörmət, nəvaziş, nəzakət, diqqət və qayğı əhatəsində olmalarını arzu edirəm”. Kitab barədə söylənilən hər bir müsbət fikri İctimai Birliyin qazandığı uğur kimi dəyərləndirmək olar.
Həmin bu kitab aidiyyəti qurumlar və beynəlxalq təşkilatlar tərəfindən yaxşı qarşılanmış və ictimaiyyətdə böyük marağa səbəb olmuşdur.
Kitab beynəlxalq təcrübənin tətbiqi əsasında imtiyazlı məhbusların problemlərinin həlli, bu sahədə maarifləndirmə işi aparmaq və cəmiyyətə inteqrasiya olunmalarında kömək məqsədilə tərtib olunmuşdur. Birlik tərəfindən hazırlanaraq nəşr olunan bu kitabı fiziki qüsurlu insanların qanunla müəyyən olunmuş hüquqlarını barədə müvafiq məlumatları bilavasitə əldə etmək imkanına malik olmaları baxımından yüksək qiymətləndirmək olar. Onu da qeyd etmək istəyirik ki, Avropanın və Amerika Birləşmiş Ştatlarının Penitensiar qanunları həmin bu kitabda öz əksini tapmışdır.
Kitab məhkumların öz hüquqları barədə daha ətraflı məlumat almalarına xidmət etməklə, bu şəxslərin qanunla müəyyən olunmuş hüquqlarına diqqətin artırılmasına səbəb olacaq və fiziki qüsurlu məhkumlarla iş zamanı cəzanı icra edən orqanların əməkdaşlarının fəaliyyətində beynəlxalq təcrübədən daha səmərəli istifadə olunmasına zəmin yaradacaqdır.

Kitab maarifləndirmə məqsədilə CÇM-larda cəzaçəkən məhbuslara və onların ailə üzvlərinə, CÇM-ların rəhbərliyinə və kitabxanalarına, digər yerlərdə keçirilən tədbir iştirakçılarına, həmçinin bir çox dövlət və QHT-lərə, xarici səfirliklərə təqdim edilmişdir. Kitab hamı tərəfindən yüksək qiymətləndirilmişdir. Güman edirik ki, “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı bu maarifləndirmə kitabında toplanan hüquqi sənədlər imtiyazlı vətəndaşlarımızın mənafelərinin qorunmasına yönələn əvəzsiz vəsait, səhih məlumat mənbəyi və əsl bələdçi olacaq.

Keçirilən tədbirlər zamanı məlum olmuşdur ki, bir çox məhbuslar və onların ailə üzvləri öz hüquqlarını bilmədiklərindən cəmiyyətdə böyük problemlərlə üzləşirlər. Odur ki, maarifləndirmə məqsədilə nəşr edilib paylanan “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” kitabının nəşr olunması məqsədəmüvafiq hesab edilmiş, bu sahə ilə bilavasitə məşğul olan təşkilatların əməkdaşları üçün lazımlı bir vəsaitə çevrilmişdir.

Layihənin icrası zamanı əlaqə saxladığımız əlil məhbusların ailə üzvləri onlarla heç kimin maraqlanmadığını söyləmiş, hətta bizim maraqlanıb zəng etdiyimizdən və evlərində olmağımızdan çox təsirlənmiş, layihəni keçirdiyimiz üçün Birliyimizə təşəkkürlərini bildirmişlər. Ümumiyyətlə, layihə barədə məlumat alan hər bir kəs bu layihəni təqdirəlayiq saymışdır.

Bütün bunlarla yanaşı əldə olunan nailiyyətlərdən biri də odur ki, layihə həyata keçirilən zaman İctimai Birliyimizin sıraları artmışdır. Belə ki, 10-larla əlil insanlar könüllü olaraq Birliyimizə üzv oldular. İctimaiyyətdə Birliyimizə inam və etimad artdı. Layihənin coğrafiyasına aid olmayan ərazilərdən belə Birliyimizə müraciətlər daxil oldu. Belə ki, daxil olan müraciətlər əsasında layihənin icrası zamanı Naftalan şəhərində əlillərin müalicə aldığı “Sehrli Naftalan“ sanatoriyasında, Ağdam rayonunda, Toğana kəndində, Hacıkənddə olduq, talassemiyalı xəstələrin valideynləri ilə və Ağdam Rayon Səhiyyə İdarəsinin rəis müavini Qara Qasımovla görüşlər keçirdik.
Həyata keçirdiyimiz bu layihə yerlərdə aztəminatlı, sosial qayğıya daha çox ehtiyac duyan əlil məhbusların ailələrinin sosial problemlərinin aşkarlanıb ictimaiyyətə və aidiyyəti dövlət təşkilatlarına çatdırılmasında körpü rolunu oynamışdır.

İctimai Birliyimizin həyata keçirdiyi “Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihənin icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 Cəzaçəkmə Müəssisəsində, məhbusların ailə üzvlərinin sosial problemlərinin həlli ilə əlaqədar Sumqayıt şəhərində, Kürdəmir, Mingəçevir, Bərdə, İmişli rayonlarında və Maştağa qəsəbəsində olduq. Əməkdaşlarımızın həmin ərazilərin yerli icra hakimiyyətlərinin, sosial müdafiə mərkəzlərinin əməkdaşları, həmçinin əlil məhbusların ailə üzvləri və qonşuları tərəfindən yüksək səviyyədə qarşılanması, layihənin dəstəklənməsi və onun həyata keçirilməsinə əlverişli şərait yaradılması İctimai Birliyimizin əldə etdiyi nailiyyətlərdən biridir.

Ümidvarıq ki, bu layihənin həyata keçirilməsindən sonra əlil məhbusların ailə üzvlərinin sosial problemlərinin həllinə dəstək artacaq, dövlətin bu sahədə qəbul etdiyi qanunlar və qərarlar yerlərdə layiqincə icra ediləcəkdir.

Məlumdur ki, ictimaiyyətdə məhbus ailələrinə münasibət birmənalı deyil. Lakin məhbusun ailə üzvləri onların törətdiyi cinayətə görə cavabdeh deyil. Məhbusların ailə üzvləri də başqa vətəndaşlar kimi Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşlarıdır, onların da Konstitusiya ilə qorunan hüquqları vardır. Ümid edirik, əlil məhbusların özlərinin və onların sosial qayğıya ehtiyac duyan ailə üzvlərinin problemlərinin həll olunmasına yönəlmiş bu layihəmizin həyata keçirilməsindən sonra ictimaiyyətdə onlara münasibət yaxşılaşacaq, onlar da özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss edəcəklər, onlarda məmnunluq və özlərinə inam hissi artacaq, bu da onların həyata inteqrasiya etmələrinə zəmin yaradacaqdır. Bu sadalananlar həyata keçirdiyimiz bu layihənin vacibliyini bir daha vurğuladı.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union