Məsum körpələr valideyninin törətdiyi cinayətə görə cavabdeh deyillər

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin həyata keçirdiyi “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsinin yekununa həsr edilmiş Dəyirmi Masada layihənin direktoru Tahir Xudiyevin

ÇIXIŞI

13 iyul, 2012-ci il,

“SƏS” İnformasiya Agentliyi

Hörmətli xanımlar və cənablar!

Hamınızı salamlayıram. Vaxt ayırıb bizim bu Dəyirmi Masada iştirak etdiyiniz üçün hamınıza öz təşəkkürümü bildirirəm.

Məlumat verdiyimiz kimi, 1 aprel tarixindən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirmişdir.

Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslara və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinə mənəvi və sosial yardım göstərməkdən ibarətdir.

Qeyd etmək istəyirəm ki, 2011-ci ildən bizim İctimai Birliklə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, əlil məhbusların sosial məsələlərinin həllinə köməklik məqsədilə müxtəlif Cəzaçəkmə Müəssisələrində olmuş, müxtəlif tədbirlər həyata keçirmişik. Məhbusların öz ailələrinin problemlərini birbaşa həll etməyə imkanları olmadığı üçün məndə belə bir daxili istək yarandı ki, hazırkı layihəni həyata keçirim. Məhbusların ailə üzvləri bir çox sosial problemlərlə üzləşirlər. Bu ailələrinin çoxu öz hüquqlarını bilmədikləri üçün problemlərini həll etməkdə çətinlik çəkirlər. Belə ki, onların aztəminatlı ailə üzvlərinin ünvanlı sosial yardım almalarında müəyyən problemlərin olması, ailənin sosial vəziyyətinin çox aşağı olması ilə əlaqədar övladlarının təhsildən kənarda qalması, ailə başçısının olmamasından övladların nəzarətsiz qalaraq həyatda düzgün seçim edə bilməmələri və digər bu kimi problemlər mövcuddur. Biz daima əlil məhkumların problemlərinin həlli ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edirik, onların problemlərinin həllində yardımçı olmağa çalışırıq.

Həyata keçirdiyimiz bu layihəmiz çərçivəsində “Əlil məhbuslar üçün qanunlar toplusu” adlı maarifləndirmə kitabı nəşr etdirmişik. Kitab məhbuslar, onların ailə üzvləri, dövlət qurumları və cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Layihə çərçivəsində 4, 7, 10 və 14 saylı Cəzaçəkmə Müəssisələrində olmuşuq, məhkumların ailələrində olan problemləri qeydiyyata götürmüşük. Bu yaxınlarda bir neçə məhbus ailələrində olaraq onların problemləri ilə yaxından tanış olmuş və bu problemlərin həlli üçün bacardığımız köməkliyi göstərmişik.

Biz bu layihə çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümü münasibətilə 25 may tarixində Penitensiar Xidmətin 10 saylı Cəza Çəkmə Müəssisəsində tədbir həyata keçirdik. Bu tədbirdə İctimai Birliyin istedadlı üzvü, 1-ci qrup əlil Ümid Cümşüdovun dekorativ sənət üzrə 10-a yaxın əl işləri nümayiş etdirildi. İB-in İdarə Heyətinin üzvü, 1-ci qrup gözdən əlil, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm “ Media mükafatçısı, şairə Ülkər Atəş çıxış edərək məhbusları təbrik etdi, onlar üçün öz şerlərindən ifa etdi. Bizim dəvətimizlə müğənni Murad Sadıx da bu tədbirə qatılmışdı. Ümid Çümşüdov “Beynəlxalq Əlillər Cəmiyyəti“ İctimai Birliyi adından əl işlərindən birini 10 saylı Cəzaçəkmə Müəssisəsinə hədiyyə etdi.

Söylədiyim kimi, məhbus ailələrinin problemləri ilə yaxından tanış olmaq üçün onların evlərində olmuşuq. Onlardan:

1. 22 may tarixində 14 saylı Cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkum Hüseynov Teymur Tofiq oğlunun ailəsində olduq. Hüseynovlar ailəsi Qaradağ rayonu, Heybət dəmiryol stansiyasının həyətində, acınacaqlı bir şəraitdə yaşayırlar. Məhkum Tofiq Hüseynov həyat yoldaşı Cəfərova Gülarə Hüseynqulu qızı ilə bir neçə ildir ki, ailəlidirlər. Lakin bu müddət ərzində kəbinləri olmamışdır. Teymurun dediyinə görə, kəbinləri olmadığı üçün həbsxanada öz uşaqları ilə görüşünə icazə verilməmişdir. Bir övladı ev şəraitində dünyaya gəlmişdir. Uşağın indiyədək doğum haqqında şəhadətnaməsi yox idi. Bu işdə onlara köməklik etməyi xahiş etdi.

Qeyd etmək istəyirəm ki, dövlət məmurları arasında vicdanlı məmurlarımız az deyildir. Ədliyyə naziri cənab Fikrət Məmmədova, Nazirliyin Notariat və Qeydiyyat İdarəsinin rəisi Mehman Soltanov, həmin nazirliyin əməkdaşı Füruzə xanıma Hüseynovlar ailəsinin bu probleminin müsbət həlli ilə bağlı göstərdikləri köməkliyə görə öz təşəkkürümüzü bildirirəm. Həmçinin Hüseynovlar ailəsinin övladı üçün valideynlik statusu, doğum haqqında şəhadətnamə və hər iki övladı üçün süd pulu verilməsinə dəstək olduq.

Məhkum Tofiq Hüseynov ruhi-əsəb xəstəsi olan qardaşı Seymurun müalicə olunmasında da bizdən köməklik istəmişdi. Bizim cəmiyyətin xətti ilə müalicə almaq üçün Seymuru 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirdik, hazırda orada müalicə alır.

2. 26 may tarixində 14 saylı CÇM-da cəzaçəkən Kərimov Sübhan Faiq oğlunun öz müraciətinə əsasən Sumqayıtda yaşayan ailəsində olarkən məlum oldu ki, onun həyat yoldaşı Könül Kərimova Sumqayıt Tibb Texnikumunu bitirsə də işsizdir. Onların azyaşlı övladı eyvandan yıxılıb ağır kəllə-beyin zədəsi aldığından, dediyinə görə neyrocərrahiyyə xəstəxanasında müalicəyə böyük ehtiyacı var. Lakin maddi durumu çox pis olan ailənin uşağı müalicə etdirməyə imkanları çatmır, odur ki, müalicəni dayandırıblar. Könül xanım ailənin maddi ehtiyaclarını qismən də olsa ödəyə bilmək üçün öz ixtisası üzrə işlə təmin olunması və övladının müalicə olunması üçün köməklik göstərilməsini xahiş etdi. Bu məqsədlə Səhiyyə naziri cənab Oqtay Şirəliyevə 31 may 2012-ci il tarixində 62 saylı məktubla müraciət etdik.
Tez bir zamanda Səhiyyə Nazirliyindən müsbət dəstək məktubu aldıq. Uşağın Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə və müalicəsi üçün rəsmi məktub verildi.

3. 4 saylı qadın Cəza Çəkmə Müəssisəsində cəzaçəkən məhkum Talıbova Fatma Almaz qızının müraciətinə görə onun ailəsinin sosial problemi ilə tanış olmaq məqsədilə evlərində olarkən məlum oldu ki, həyat yoldaşı Talıbov Yaqub hər iki gözdən əlildir, ayaqları tutulub, həm də bronxial astama xəstəliyindən əziyyət çəkir. Qızı, kürəkəni və iki azyaşlı nəvələri ilə Corat qəsəbəsində bağ evində kirayədə yaşayırlar. Yaqub kişinin əvvəlki həyat yoldaşından olan iki oğlu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olublar. Xəstəyə baxan yoxdur. Ailənin və xəstənin vəziyyəti həqiqətən də çox acınacaqlıdır. 74 yaşlı astma xəstəsi, iki gözdən əlil, yataq xəstəsi Yaqub kişi düşdüyü vəziyyəti nəzərə alaraq ona quluq etməsi üçün həyat yoldaşı Talıbova Fatma Almaz qızının əfv olunmasını möhtərəm Prezidentimizə çatdırmağı İB-ın əməkdaşlarından xahiş edir.

4. Layihənin icrası müddətində 23 may 2012-ci il tarixində 7 saylı CÇM-da olarkən məhkum, 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş Həmzəyev Səyavuş Həmid oğlu söylədi ki, yoldaşı ilə ayrılıb, ailəsi Bakı şəhərində yaşayır. Söylədi ki, qızı Xədicənin 9 yaşı var, lakin maddi imkansızlıq üzündən məktəbə getmir. Onun təhsili ilə maraqlanıb köməklik etməyimizi xahiş etdi. 10 saylı CÇM-da cəzaçəkən məhkum Səyavuş Həmzəyevin ailəsinin sosial problemlərinin həlli ilə maraqlanaraq 30 may tarixində onun verdiyi telefona zəng etdik. Cavab verən Ballı xanım bildirdi ki, Səyavuşu tanıyır və o, ailənin çox yaxın adamıdır. Dedi ki, həqiqətən də Səyavuşun qızı Xədicənin 9 yaşı var, 1-ci sinfi bitirib, 2-ci sinifdən yarımçıq çıxıb, maddi imkansızlıq üzündən oxuya bilməyib. Dərsə getmir. Söylədik ki, əgər anası razı olsa, Xədicənin sənədlərini internat məktəbinə verərik, orada təhsilini davam etdirər, təhsildən geri qalmaz. Lakin onlar buna razı olmadılar.

5. 7 saylı Cəzaçəkmə Müəssisəsindəki məhkum, 1979-cu ildə Masallı rayonunda anadan olmuş Mahmudov Coşqun Namiq oğlu bildirdi ki, ailəli olsa da kəbini yoxdur deyə, ailəsi ilə görüşə bilmir. Bu işdə ona köməklik göstərməyimizi xahiş etdi. Məhkumun əmisi oğlu Şahinlə əlaqə saxladıq bu problemin həllində köməklik etmək istəyimizi bildirdik. Bundan sonra Şahin etdiyimiz zənglərə cavab vermədi, sonra isə telefonu tamamilə söndürdü.


6. 7 saylı Cəzaçəkmə müəssisəsində olarkən məhkum, 1955-ci il təvəllüdlü Kərimov Xosrov Xalıq oğlu müraciət edərək bildirdi ki, həbs ediləndən sonra yaşadığı mənzili etibarnamə ilə qızı Kərimova Gülnaz Xosrov qızına verib. Dedi ki, qızı uzun müddətdir ki, onu görməyə gəlmir, bu da onu narahat edir, səbəbini bilmir. Xahiş etdi ki, bunu öyrənək.

Araşdırmalar zamanı Nizami Rayonu Polis İdarəsinin xidməti sahə rəisinin müavini Gəray Quliyevlə görüşdük, məhkumun verdiyi ünvanda kimin yaşaması barədə bizi məlumatlandırmasını xahiş etdik. Məlum oldu ki, həmin ünvan ümumiyyətlə mövcud deyil, onun verdiyi telefon nömrəsi isə Qurban Sadıxov küçəsi-20 ünvanına aiddir, 2011-ci ildən Nuriyev Rafiq Təvəkkül oğlunun adınadır. Məlum oldu ki, məhkum Kərimov Xosrov Xalıq oğlu naməlum səbəbdən bizə yanlış məlumat vermişdir.


7. 14 saylı CÇM-da olarkən məhkum, 1962-ci ildə Tovuz rayonunun Dönük Qırıxlı kəndində anadan olmuş Həsənov Ramiz Qəzənfər oğlu övladı 9 yaşlı Həsənov Hüseyn Ramiz oğlunun beyin iflici olduğunu söylədi. Ailəsinin sosial probleminin həllinə köməklik etməyimizi xahiş etdi.

Bu məsələ ilə bağlı Tovuz rayonunda olmuşuq. Əhalinin Sosial Müdafiəsi Mərkəzində sədr Mahmud Hüseynovla, daha sonra isə Tovuz Rayon Polis rəisi Vaqif İsmayılovla görüşdük, həyata keçirdiyimiz layihə və məhkum Həsənov Ramiz Qəzənfər oğlu barədə söhbət etdik. Onlar bizim bu layihənin həyata keçirilməsini təqdirəlayiq hesab etdilər. Polis rəisi bizə köməklik üçün sahə müvəkkilini təhkim etdi. Sahə müvəkkili ilə birgə Hüseynovlar ailəsində olduq, onların sosial problemləri ilə maraqlandıq. Həqiqətən də ailə çox pis
Onların özlərinin evləri yoxdur, məhkumun qardaşının evində müvəqqəti yaşayırlar. Məhkumun 3 övladı var. 9 yaşlı oğlu Hüseyn serebral iflic xəstəsidir. Mən Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Mahmud Hüseynova təşəkkürümü bildirirəm. Hüseynovlar ailəsinin sosial vəziyyətinin çox pis olduğunu ona bildirdikdə Mahmud Hüseynov ailənin vəziyyətini yaxşılaşdırmaq üçün onlara bir inək verməyi təklif etdi. Lakin Ofeliya xanım inəyi saxlamaq üçün şəraiti olmadığını bildirərək imtina etdi, övladını müalicə etdirmək üçün maliyyə dəstəyinə böyük ehtiyacı olduğunu bildirdi. Odur ki, Mahmud Hüseynov müvafiq sənədləri təqdim edəndən sonra bu ailəyə ünvanlı sosial yardım göstərilməsi işinə köməklik edəcəyinə söz verdi.

Məhkumun həyat yoldaşı Ofeliya xanımın dediyinə görə Hüseynin müalicəyə böyük ehtiyacı var, müalicə Bakı şəhərində aparılmalıdır. Lakin ailənin maddi vəziyyətinin çox pis olduğundan artıq 5 ildir ki, uşağı müalicə etdirə bilmirlər. Ofeliya xanım əvvəllər Hüseyni Bakı şəhərində müalicə etdirərkən xəstəxanada bir çox süni maneələrə rast gəldiyini, çətinliklərlə üzləşdiyini bildirdi. Biz xəstəxanada heç bir maneəyə rast gəlmədən Hüseynin müalicə edilməsini öhdəçiliyə götürdük.

8. Layihə çərçivəsində 28 may 2012-ci il tarixində 10 saylı CÇM-da tədbir keçirərkən məhkum 1966-cı ildə Ağdaş rayonunda anadan olmuş Hüseynov Akif Maarif oğlu ailə vəziyyətinin çox ağır olması barədə danışdı, ailəsinin sosial probleminin həlli üçün köməklik etməyimizi xahiş etdi.

Yenə müxtəlif vaxtlarda məhkumun həyat yoldaşı Arzu xanımla telefon əlaqəsi saxladıqdan sonra bu yaxınlarda Ağdaş rayonuna gedərək onlarla görüşdük. Həqiqətən də ailənin sosial vəziyyəti çox pisdir. 4 və 5 yaşlarında 2 azyaşlı övladları var. Onların problemlərinin həlli üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorunu yerində tapa bilmədiyimizə görə Ağdaşa iki dəfə ezamiyyət etdik. İkinci dəfə gedərkən Mərkəzin direktor müavini Anar İbrahimovla görüşdük, həyata keçirdiyimiz bu layihə barədə və Hüseynovlar ailəsinin acınacaqlı vəziyyəti barədə söhbət apardıq. O, da öz növbəsində Hüseynovlar ailəsinin lazımi sənədləri təqdim etdikdən sonra yenidən ünvanlı sosial yardım alması işində köməklik göstərəcəyini bildirdi. Sonra Ağdaş Rayonu Bələdiyyəsinin sədri Hənifə Yusifova ilə görüşüb həyata keçirdiyimiz bu layihə və məhkum Akif Hüseynovun ailəsinin vəziyyəti barədə danışdıq. Hənifə xanım bildirdi ki, gələcəkdə lazım gələrsə, Bələdiyyənin səlahiyyətləri daxilində bu ailənin problemlərinin həllində dəstək olarıq.


9. Həyata keçirdiyimiz bu layihə çərçivəsində 24 may tarixində 4 saylı Cəzaçəkmə Müəssisəsində olarkən məhkum Şahbazova Namidə Məhəmməd qızı bizə yaxınlaşaraq öz problemi ilə bölüşdü. O, bildirdi ki, oğlu, 1995-ci il təvəllüdlü Hacıyev Ayxan Ədalət oğlu Şüvəlanda yerləşən lal-kar uşaqlar üçün ümumtəhsil internat məktəbində oxuyur. Bu yaxınlarda Ayxan və xeyirxahlıq məqsədilə onu himayəyə götürən İradə xanım bizim ofisdə oldular və problemlərinin həllinə dəstək olmağımızı xahiş etdilər. Biz də öz növbəmizdə daxili imkanlarımızdan istifadə edərək Ayxanı sənətkar bir usta yanında şagird düzəltmək və o ailədə qalmağı təklif etdik Lakin onlar sonradan naməlum səbəbdən etiraz etdilər.

10. 10 saylı CÇM-da olarkən məhkum Talıbov Aldost Sarxan oğlu həyat yoldaşı Firuzə xanımın qan xəstəsi olduğunu bildirdi. Onun müalicəsinə köməklik üçün Səhiyyə Nazirliyinə müraciət etmişdik. Yenə də Səhiyyə Nazirliyinə təşəkkür edirik ki, Firuzə xanımın müayinə və müalicəsi üçün məktubumuzu müsbət cavablandırdı.

11. 4 saylı CÇM-dakı məhkum Ağahəsənova Mirzadə Cəfər qızı oğlunun həqiqi hərbi xidmətdən sonra sarılıq və şəkər xəstəliyinə tutulduğunu bildirdi və onun müayinə və müalicəsinə köməklik etməyimizi xahiş etdi.

Bu məqsədlə biz onun bacısı və oğlu ilə telefon əlaqəsi saxladıq. Onlar əvvəlcə bu işə çox şad olduqlarını bildirdilər. Problemin həlli üçün bu ailəyə gedərkən Lənkəran rayonuna çatmağa az qalmış məhkumun bacısı ilə telefon əlaqəsi saxladıq. Lakin çox təəssüf hissi ilə bildiririk ki, məhkumun bacısı Kinəvəz xanım həyat yoldaşı 3 gündür rəhmətə getdiyini bəhanə edərək, bizi qəbul etməkdən imtina etdi, məhkumun oğlu ilə danışmağımızı məsləhət gördü. Məhkumun oğlu ilə telefon əlaqəsi saxladıq, bildirdik ki, onun probleminin həllinə dəstək olmaq üçün yerli dövlət məmurları da bizimlə olacaq. Lakin o da görüşdən imtina etdi, müalicə aldığını, heç bir problemin olmadığını bildirdi.

12. 4 saylı CÇM-da keçirilən tədbir zamanı 1951-ci ildə Hacıqabul rayonunda anadan olmuş məhkum İgidəliyeva Südabə Mirzə qızı gözdən əlil olan 3 övladının müayinə və müalicəsi üçün köməklik etməyimizi xahiş etmişdi. Məhkum S. İgidəliyevanın müraciətinə əsasən biz müxtəlif tarixlərdə onun ailəsi ilə telefon əlaqəsi saxladıq, layihə barədə danışdıq və problemlərlə maraqlandıq. Eyni zamanda onların müalicəsi üçün Səhiyyə naziri cənab Oqtay Şirəliyevə rəsmi müraciət etdik. Nazirlik tərəfindən bu müraciətə tezliklə rəsmi cavab məktubu gəldi. Məktubda bildirilirdi ki, məhkum Südabə İgidəliyevanın 3 nəfər gözdən əlil övladının müayinə və müalicə olunmaları üçün Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində köməklik göstəriləcək.

İgidəliyevlər ailəsinin gözdən əlil olan 3 övladının problemləri ilə yaxından tanış olmaq məqsədilə bu yaxınlarda Hacıqabul rayonunda olmuş, Hacıqabul Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanovla görüşmüş, layihə və İgidəliyevlər ailəsinin problemi barədə söhbət aparmışıq. Sahib Aslanov öz növbəsində Şəhər Sovetinin sədri ilə telefon əlaqəsi saxlayaraq İctimai Birliyimizin əməkdaşlarına lazımi köməkliyi göstərməyi tapşırdı. Sonra Polis İdarəsinin rəisi Ramazan Kərimovla da görüşdük, onu da layihə barədə məlumatlandırdıq. Rayon rəhbərliyi və Polis İdarəsinin əməkdaşları həyata keçirilən bu layihəni təqdirəlayiq hesab etdilər. Onlar onu da qeyd etdilər ki, insan haqlarının müdafiəsi ilə bağlı Ombudsman Aparatının əməkdaşları tez-tez Hacıqabul rayonunda olur, bu sahədə böyük fəallıq göstərirlər. Onu da bildirim ki, digər regionlarda olarkən də Ombudsman Aparatı əməkdaşlarının gördükləri xeyirxah işlərin şahidi olduq.
Polis rəisi ilə görüşdən sonra sahə müvəkkili ilə birgə İgidəliyevlər ailəsində olduq və Səhiyyə Nazirliyinin verdiyi məktubu onlara təqdim etdik. İgidəliyevlər ailəsinin üzvləri və yerli əhali İctimai Birliyin əməkdaşlarının gəlişinin səbəbini öyrəndikdə dövlət tərəfindən dəstək verilən bu layihənin həyata keçirilməsindən məmnun qaldı, məhkum ailələrinə göstərilən bu qayğıdan mütəəssir olduqlarını bildirdilər.

Bildirmək istəyirəm ki, yaxın günlərdə məhkum Südabə İgidəliyevanın övladları-Rəhman, Rövşən və Rəşidin müayinə və müalicəsinə başlanacaq.

Hörmətli xanımlar və cənablar!

Layihəmiz artıq başa çatıb.

Onu vurğulamaq istəyirəm ki, bu layihəmizin həyata keçirilməsi zamanı Penitensiar Xidmətin rəhbərliyi və əməkdaşları bizə yaxından dəstək oldular. Bunun üçün Ədliyyə naziri cənab Fikrət Məmmədova, Penitansiar Xidmətin rəisi cənab Mədət Quliyevə, xüsusi ilə də müavini Hüseyn Əlixanova, Tərbiyə işinin təşkili idarəsinin rəisi Azər Seyidova və Penitensiar xidmətin bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildirirəm. Eyni zamanda 4, 7, 10 və 14 saylı Cəzaçəkmə Müəssisələrinin kollektivinə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin kollektivi adından dərin təşəkkürümüzü bildirirəm.

Bizim fikrimizcə, məsum körpələr valideyninin törətdiyi cinayətə görə cavabdeh deyillər. Təəssüf ki, bəzi adamlarda belə bir səhv fikir formalaşır ki, valideyni cinayətkar olanlar öz valideynlərinin yolunu tutacaq. Lakin dövlət və cəmiyyət belə məsum körpələrə düzgün həyat yolu seçməkdə dəstək olarsa, onların əsil Azərbaycan vətəndaşı kimi yetişməsinə kömək olar.

Qeyd edim ki, 2011-ci ildən bu vaxtadək Cəzaçəkmə Müəssisələrində apardığımız tədbirlərin, məhkumların problemlərinin həlli üçün etdiyimiz müraciətlərin müsbət nəticəsi kimi əvvəllər bu işə səhlənkar yanaşan, məhkumların problemləri ilə birbaşa məşğul olmalı olan aidiyyəti dövlət təşkilatları artıq öz işlərinə daha məsuliyyətlə yanaşır.

Sonda onu qeyd etmək istəyirəm ki, həyata keçirdiyimiz bu layihəmiz öz səhvləri üzündən törətdiyi cinayətə görə cəzalandırılan məhkumların ailələrinə dövlətin göstərdiyi diqqət və qayğının bir nümunəsidir.

Diqqətinizə görə təşəkkür edirəm.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union