Azərbaycan xalqının yaxın tarixinə həm faciə, həm də qəhrəmanlıq səlnaməsi kimi daxil olmuş 1990-cı ilin qanlı 20 yanvar faciəsindən 28 il ötür. 20 yanvar faciəsi xalqımızın 20-ci əsrdə müstəqillik və milli dövlətçilik uğrunda apardığı fədakar mübarizənin ən şanlı, ən parlaq səhifələrindən biridir.Tam mənəvi əsasla və böyük qürur hissi ilə deyə bilərik ki, 1990-cı ilin qanlı yanvarında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi hər bir zaman qədirbilən xalqımız tərəfindən uca tutulur, ruhuna böyük hörmətlə ehtiram göstərilir. Azərbaycanın vətənpərvər və qeyrətli övladlarının uyuduğu Şəhidlər Xiyabanı bu bu gün sözün həqiqi mənasında xalqımız üçün müqəddəs bir məkandır. Həmin dövrdə xalqımızın haqq işi uğrunda prinsipial və fədakar mübarizə aparan vətənpərvər və millətpərəst soydaşlarımızdan biri də "Əlillər Dünyası" qəzetinin təsisçisi və Baş redaktoru, "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil Tahir Xudiyevdir.Bəs Tahir Xudiyev həmin qanlı-qadalı günləri necə xatırlayır? Gəlin onun özünü dinləyək:
-Hamıya məlumdur ki, 20 Yanvar hadisələrinin baş verdiyi dövrdə Azərbaycanda informasiya qıtlığı var idi, Azərbaycan bütün dünyadan təcrid olunmuşdu. Demək olar ki, sovet imperiyasının Azərbaycandakı haqsızlığını, böyük amansızlıqla həyata keçirdiyi qətliamı dünya ictimaiyyətinə çatdırmaq olmurdu.Amma o dövrdə qanı, canı, bütün varlığı ilə xalqına, millətinə bağlı olan, Vətənini, Azərbaycanın ərazi bütövlüyünü sevən insanlar bütün mümkün vasitələrlə bu faciəni dünya ictimaiyyətinə çatdırmağa çalışırdılar. Özü də həmin dövr elə bir dövr idi ki, ortalıqda heç bir göstəriş, tapşırıq yox idi. Doğrudur ola bilərdi ki, həmin vaxtlar kimlərsə kiminsə göstərişi ilə hərəkət edirdi. Amma mən şəxsən öz adımdan deyə bilərəm ki, mən heç bir göstəriş, təlimat və ya tapşırıq olmadan, öz vicdanımın hökmü ilə, ürəyimin diqtəsi ilə hərəkət edirdim.
Azərbaycanda baş vermiş qanlı faciəni özündə dolğun əks etdirən yazıları rus və ingilis dillərində çap etdirib bütün dünyaya yaymağa çalışırdım. Həmin yazılar Moskvada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçilərinə, kütləvi informasiya vasitələrinə çatdırılırdı. Eyni zamanda, həmin yazıları keçmiş SSRİ-nin böyük şəhərlərində əhali arasında yayırdıq. Həmçinin Moskvaətrafı vilayətlərdə həm azərbaycanlılar, həm də ruslar arasında təbliğat apararaq onları Moskvada keçirilən piketlərə və digər etiraz aksiyalarına cəlb edirdik. Bu işə Rusiyada yaşayan azərbaycanlılar da qoşulurdu. Həmin dövrlərdə bu olduqca təhlükəli, lakin vacib idi. Hətta Rusiyada əhali ilə keçirdiyimiz görüşlərin birində şovinist bir rus qadını qızışdırıcı çıxış edərək camaatı üstümüzə qaldırdı. Biz iki nəfər idik. Əhali kütləvi şəkildə üstümüzə qalxdı və biz fiziki təzyiqlərə məruz qaldıq. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə bu mənzərəni sakitcə seyr edirdilər. Yeri gəlmişkən, elə hüquq-mühafizə orqanları əməkdaşlarının özləri də əhalini qızışdırıb bizim üstümüzə salırdılar. Həmin günləri heç vaxt unutmayacağam...Bir müddət sonra Azərbaycana qayıtdım. Azərbaycanda fövqəladə vəziyyət elan olunmuşdu. Sovet əsgərləri Bakıda sözün əsl mənasında ağalıq edirdilər. Onlar hətta 2-3 nəfərin bir yerdə olmasına belə imkan vermirdilər. Respublikamızda xüsusi hərbi rejim hökm sürürdü.Onu da qeyd edim ki, 20 Yanvar hadisələrindən sonra xalqımızda böyük bir ruh düşkünlüyü yaranmışdı, sabaha inam yox idi. Hamı xof, həyəcan içərisində yaşayırdı. Ölkə xaos vəziyyətində idi. Buna görə də biz xalqın ruhunu, inamını yenidən özünə qaytarmaq üçün müxtəlif yollar, üsullar arayırdıq. Xeyli düşünüb götür-qoy etdikdən sonra qərara gəldim ki, vətəndaşları bir yerə toplamaq üçün xalqın sənətini sevdiyi bir musiqiçini müəyyən bir yerə dəvət edək və şəhidlərə həsr olunmuş xeyriyyə konserti təşkil edək. Əslində mənim ideyam həmin xeyriyyə konsertindən əvvəl tanınmış yazarlardan birinin camaat qarşısında çıxışlarını təşkil etmək idi. Bu ideyamı yaxın yoldaşlara bildirdim, onlar da mənim ideyamı dəstəklədilər. Mən həmin sənətçinin tanınmış gitara ifaçısı, xalqın sevimli sənətçisi Rəmiş olduğunu bildirdikdə tərəfkeşlərim bunu bəyəndilər, lakin müəyyən siyasətlə məşğul olan dairələrdə bunun əksinə gedilsə də, mən fikrimdən dönmədim. Çünki xalqın Rəmişin sənətinə sevgisi var idi. Rəmiz də canla-başla razı oldu. O vaxtkı Nizami Rayonu Partiya Komitəsinin Birinci Katibi ilə görüşərək xeyriyyə konsertinin Nizami rayonundakı “Sevinc“ kinoteatrında keçirilməsinə razılıq aldıq. Birinci katib Rafiq Soltanov həmin tədbirin o vaxtki Az TV tərəfindən çəkilş aparılaraq "Günün ekranı" xəbərlər proqranımda göstərilməsinə köməklik etdi.
Üç ay gərgin hazırlıqdan sonra nəhəyət ki, 1990-cı il aprel ayının dördü və beşində iki gün konserti təşkil edə bildik. Həmin günlər "Sevinc" kinoteatrının zalı və ətrafı insanlarla dolu idi. Həqiqət naminə onu da bildirim ki, bu konsertin təşkilinə bəzi milli ruhlu dövlət məmurları da dəstək vermişdilər. O vaxtkı tanınmış yazıçılardan biri konsertdən əvvəl camaat qarşısında çıxış etməyi məndən xahiş etdi. Bu çıxışlar xalqı milli birliyə və heç nədən çəkinməməyə çağırırdı. Mübaliğəsiz deyə bilərəm ki, həmin konsertin sorağı ildırım sürəti ilə bütün ölkəyə yayıldı. Baxmayaraq ki, bəzi siyasətçilər belə bir konsert-toplantının keçirilməsinin, əsas da Rəmişin əleyhinə idilər, lakin sonradan həmin tədbirdən onlar özləri üçün müəyyən siyasi xal qazanmaq, bəhrələnmək üçün istifadə etdilər...
Yeri gəlmişkən, bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Mənim həmin konsert-toplantının keçirilməsi təşəbbüsümü dəstəkləyən və mənim bu ideyama tərəfdar olan digər vətənpərvər oğullarımız da bu işdə çox əziyyət çəkmişdilər. Bu gün mən onların hər birinin adını ayrılıqda çəkə bilmirəm. Çünki onların sayı çoxdur. Onlardan əksəriyyəti Azərbaycanın ərazi bötövlüyü uğrunda şəhid olmuşlar. Cəmi səhidlərimizə Allah rəhmət eləsin, qalanlara isə təşəkkürümü bildirirəm.Diqqətinizə onu da çatdırım ki, mən şəhidlərimizin ildönümü mərasimində də fəal iştirak etmişəm. Şəhidlərin ildömü üçün biz paytaxtın 5 rayonunun-Nizami, Xətai, Suraxanı, Sabunçu və o vaxtkı Əzizbəyov rayonunun sakinlərinin "Aynur" məişət evinin önündə toplanmasını təşkil etdik. Həmin dövrdə Böyük Vətən Müharibəsinin əlili olan atamın 0707 nömrəli Zaporojest markalı minik avtomobili ilə əhalinin təhlükəsizliyini təmin etmək üçün öndə gedirdim. Həmin gün biz öndə olmaqla 1 milyondan çox əhali Şəhidlər Xiyabanını ziyarət etdi. Şəhidlər Xiyabanında böyük bir izdiham var idi. Allah cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin!
Bir məqamı da qeyd etmək istəyirəm: o vaxtki özünü yalandan siyasətçi kimi xalqa təqdim edənlərdən biri yaxınlaşaraq həmin 1 milyondan artıq kütləni sovet hərbçiləri yığılan meydandan keçirməyə bizi məcbur etmək istədi. Onunla mübahisə edərək əleyhinə getdim. Bu, dinc əhali ilə sovet hərbçiləri arasında qarşıdurmaya səbəb ola bilərdi. Əslən Dərələzli olan Bəndəliyev Həsən Məmməd oğlu bu işlərdə daim mənim yanımda olub, böyük dəstək göstərib.
- Tahir müəllim, amma etiraf edək ki, bu gün cəmiyyətimizdə Azərbaycanın milli müstəqilliyi və dövlətçiliyi uğrunda döyüşərək sağlamlığını itirmiş şəxslərə münasibətdə bir laqeydlik, soyuqluq var. Siz bu barədə nə deyə bilərsiniz?
- Fikrinizlə tam razıyam. Elə götürək mənim özümü. Mən 1985-ci ildən əmək əliliyəm. Amma düzümü deyim ki, həmin vaxtlar mənim səhhətimdə elə bir ciddi problem yox idi. İşimdə də böyük uğurlar var idi və maddi imkanım da pis deyildi. Kimlərsə o dövrdə var-dövlət, qazanc əldə edirdisə, bizim kimiləri isə əldə etdiyimiz bütün nailiyyətlərimizi, eləcə də sağlamlığımızı bu yolda qurban verdik. Həm də o dövrlərdə hər kəs fikir bildirməyə, söz deməyə cəsarət etmirdi. Mən həmişə Azərbaycanın müstəqil dövlət olmasını arzulamışam. Yuxarıda qeyd etdiyim kimi, müstəqillik uğrunda mübarizənin ən çətin, ən ağır dövrlərində bu mübarizədə fəal iştirak etmişəm. Mən hələ Qarabağda könüllü döyüşməyimi demirəm...Mənim səhhətimdəki ciddi problemlər də o dövrdə yaranıb... Lakin əfsuslar olsun ki, bu gün mənə və mənim kimi milli ruhlu insanlara bəzi məmurlar tərəfindən çox soyuq, laqeyd və ögey münasibət bəslənilir, özləri və övladları iş tapa bilmir, bununla da süni surətdə inciklik yaradılır...Elə mənim özümün səhhətimdə çox ciddi problemlər var, nə lazım olan dərman preparatlarını ala bilirəm, nə də müalicə ala bilirəm. Övladlarım işsizdir, özümün yaşamağım isə ölüm ilə qalım arasındadır. 1991-ci ildən Nizami Rayonu İcra Hakimiyyətində ev növbəsindəyəm. Nə bir obyektim, nə qazanc, nə gəlir yerim yoxdur. Vətənpərvər insanların axırı budur. Mən buna təəssüflənirəm.. Amma buna baxmayaraq, Azərbaycanımızın müstəqil bir dövlət kimi yaşamasından sevinir və qürur duyuram. Ümid edirik ki, dövlətimiz bizim təbəqədən olan insanlara diqqət və qayğısını daha da artıracaq.
Bu yaxınlarda iştirakçısı olduğum bir tədbirdə 20 Yanvar hadisələri zamanı şəhid olanlarla döyüşlərdə şəhid olanların statusunun bərabər tutulması təklifi irəli sürüldü. Tanınmış deputatlardan biri bu təklifə qarşı çıxaraq söylədi ki, 20 Yanvar hadisələri zamanı şəhid olanlar demək olar ki, təsadüfi güllənin qurbanı olublar, vətən uğrunda şəhid olanların statusu ilə bir tutula bilməz. 20 Yanvar Şəhidləri Cəmiyyətinin sədri mənim ürəyimdən keçən sözlərlə deputatın layiqli cavabını verdi. Fikrimi burda bildirirəm: 20 Yanvar hadisələri zamanı əliyalın əhali bir nəfər kimi birləşib sovet ordusunun Azərbaycana daxil olmasına etirazını bildirərək tankların qarşısına çıxırdı. Şüurlu şəkildə, əliyalın tankların qabağına çıxan, yağan güllə yağışına sinəsini gərən insanlar, evində dinc oturduğu yerdə gülləyə tuş gələn insanlar şəhid deyilmi?! Əlbəttə ki, onlar Azərbaycanın müstəqilliyi yolunda ilk şəhidlərdir.
- Tahir müəllim, sonda arzularınızı bilmək istərdik.
- Ən böyük arzum anadan olduğum, hamımızın yaralı yeri olan Qarabağımızı azad görməkdir.
Rauf İlyasoğlu,
"Əlillər Dünyası" qəzeti
18 yanvar 2018-ci il
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD