“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyevin şəxsi təşəbbüsü ilə 2011-ci ildə Penitensiar Xidmətlə İctimai Birlik arasında imzalanmış Tədbirlər Planına əsasən Cəzaçəkmə müəssisələrində cəzaçəkən imtiyazlı məhbusların özlərinin və onların ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai köməklik göstərilmişdir. Sonradan Tahir Xudiyevin koordinatorluğu ilə İctimai Birliyin əməkdaşları 2012-2014-cü illərdə həmin bu ideyanı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirmişlər.
Qeyd etmək istəyirik ki, 2011-ci ildə 8 saylı CÇM-da əlil məhbusların problemləri ilə tanış olarkən 1965-ci il təvəllüdlü Alik Qafarov da öz probleminin həlli üçün bizə müraciət etmişdi. O, söylədi ki, 1977-ci ildə 11 yaşında olarkən elektrik qatarının altına düşərək hər iki ayağını və sağ əlilin bir neçə barmağını itirib. Buna görə də həmin vaxtdan 1-ci qrup əlil olub. Lakin həbs olunarkən istintaq vaxtı qeyri-müəyyən səbəbdən onun əlilliyi nəzərə alınmayıb. Bu işdə ona köməklik göstərməyi xahiş etmişdi. Həmin tədbirdən sonra İctimai Birliyin və “Əlillər Dünyası” qəzetinin əməkdaşları aidiyyəti dövlət təşkilatlarına müraciət etdilər. Ombudsman Aparatı ilə birgə Alik Qafarovun həmin problemi müsbət həll olundu. Bundan sonra 2012-ci ildə A.Qafarov CÇM-da nümunəvi davranışına, əməkdə, təhsildə və ictimai işlərdə fəallığına görə ümumi caza müddətinin 2/3-ci ilə şərti olaraq vaxtından əvvəl cəza çəkməkdən azad edildi. O vaxt onun azadlığa çıxması doğmaları və yaxınları kimi bizim kollektivi də sevindirmişdi.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev və əməkdaşlarımız 28 May-Respublika Günü münasibətilə Şüvəlanda Alik Qafarovun evində olmuş, ona baş çəkmişlər. Alik Qafarovun özü və ailə üzvləri gəlişimizdən çox şad oldular və göstərdiyimiz mənəvi dəstəyə görə təşəkkür etdilər. Alikin oğlu hələ bağçaya gedir, qızı isə 6-cı sinfə keçib, əlaçıdır, sinif nümayəndəsidir. İngilis dilini bilir, onu daha da dərindən öyrənməyə böyük marağı var.
Görüşümüz zamanı məlum oldu ki, Alik çox istedadlı bir insandır. Belə ki, kənddə onun evini soraqlayarkən hər iki ayağı olmayan bir insanı axtardığımızı deyərkən bizə deyirdilər ki, ola bilməz onun iki ayağı da var, sadəcə olaraq bir az ayağını çəkdiyi üçün əsa ilə gəzir. Alik protez ayaqları ilə velosiped, hətta maşın sürdüyünü dedi. Onun çox gözəl əl qabiliyyəti də var. Taxtadan oyma yolu ilə naxışlı kiçik və böyük ölçülü əşyalar - şəkil üçün şərçivələr, skamya, stol, stul, kreslo, it üçün damlar, hətta gözəl “besedka”lar düzəldir. Necə deyərlər, sözün əsil mənasında əlinin zəhməti ilə dolanır. Alik dedi ki, CÇM-da olarkən orada bütün CÇM-lar arasında keçirilən idman yarışlarında stolüstü oyun olan dama yarışmasında qalib olaraq 1-ci yeri tutmuş, Penitensiar Xidmətin rəisi, general-leytenent Mədət Quliyev tərəfindıən müvafiq Diplomla təltif olunmuşdur.
Söhbət zamanı məlum oldu ki, Alik 1-ci qrup əlil ola-ola dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 1993-cü ildə könüllü olaraq Əzizbəyov batalyonunun tərkibində Tərtər rayonuna yollanıb. Onun bu əzmkarlığını, istedadını, çətinliklər qarşısında əyilmədiyini gördükcə düşünürsən ki, həqəqətən də Allah bir tərəfdən alanda digər tərəfdən nəsə bəxş edir və Alik Qafarov kimi dəyanətli fiziki qüsurlu insanlar, bəzi mənəvi cəhətdən şikəst olan sağlam inlsanlardan qat-qat sağlamdırlar.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD