Məlum olduğu kimi, respublikamızda fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların sosial təminatı, həmçinin inkluziv təhsilləri ilə əlaqədar önəmli işlər görülməkdədir.
Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə “Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda keçirilmiş Dəyirmi Masa da məhz bu mövzuya həsr edilmişdir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, millət vəkili Aytən Mustafayeva fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivlərindən, bu istiqmətdə görülməli olan işlərdən danışmışdır.
Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin rektoru, professor Vaqif Bayramov Universitetdə təhsil alan sağlamlıq imkanları məhdud olan tələbələrin inkluziv təhsilindən və onlar üçün Universitetdə yaradılan xüsusi şəraitdən danışmış, univesitet barədə çəkilmiş filmi təqdim etmişdir.
Mövzu ətrafında çıxış edənlər- Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin
Uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin inkişaf və sosiallaşdırma problemləri olan uşaqların təhsili şöbəsinin rəisi Larisa Falkovskaya,
fəlsəfə elmləri namizədi, MDHİU-nun elmi-tədqiqat laboratoriyasının müdiri Dmitri Rayduqin, fəlsəfə elmləri doktoru, MDHİU-nun Tarix və fəlsəfə kafedrasının professoru Anatoli Gerasimov, tarix elmləri doktoru, professor Svetlana Qaliullina, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Əmək və Sosial Problemləri üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov, Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi Anar Xələfov, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven, Azərbaycan Milli Paralimpiya Komitəsinin şöbə müdiri Kamal Məmmədov, Arabaçı TV internet televiziyasının təsisçisi İlham Məhərrəmov fiziki imkanları məhdud insanların xüsusi təhsili sahəsindəki təcrübələrindən, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün lazımi şəraitin yaradılmasından, eləcə də onların icbari məktəbəqədər təhsilə cəlb olunmasının vacibliyindən danışmış, bu barədə fikir mübadiləsi aparmışlar.
Tədbirdə iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev AMEA-nın İnsan Hüquqları İnstitutu ilə qarşılıqlı əməkdaşlıqdan, rəhbərlik etdiyi hər iki təşkilatın fəaliyyətinin tolerantlığa əsaslandığından, bütün kateqoriyalı əlillərə, eləcə də Qarabağda və soyqırıma məruz qalmış Xocalıda əlil olmuş şəxslərə, eyni zamanda əlilliyi olan məhbuslara və onların ailə üzvlərinə göstərdikləri tibbi, sosial və mənəvi dəstəkdən, lazım gəldikdə ictimai vəkillik edildiyindən, həyata keçirdikləri mədəni-kütləvi tədbirlərdən, sağlamlıq imkanları məhdud uşaqların fərdi və inkluziv təhsili sahəsində gördükləri işlərdən danışmış, bu istiqamətdə aparılan monitorinqlər zamanı ortaya çıxan problemlərin həllinin vacibliyini qeyd etmişdir.
Tahir Xudiyev bildirmişdir ki, cəmiyyət tərəfindən diqqət və qayğını görən əlilliyi olan insanlarda oxumaq və işləmək həvəsi yaranır, həyata və cəmiyyətə daxili maraq oyanır, gələcəyə ümidlə baxırlar. Təhsillə birbaşa əlaqədar olan bütün bunlar əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına səbəb olur.
Tahir Xudiyev İctimai Birliyin üzvü, 2-ci qrup əlil, hazırda Moskva Dövlət Humanitar-İqtisadi Universitetində təhsil alan Ümid Cümşüdovu iştirakçılara təqdim etmiş və Ümidin əl işi Universitetin rektoru Vaqif Bayramova təqdim edilmişdir.
Sonda İnsan Hüquqları İnstitutu və MDHİU arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə də imzalanmışdır.
“Dəyirmi Masa”dan sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiyadan gələn qonaqları qəbul etmişdir. Akademik qeyd etmişdir ki, fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivləri sahəsində beynəlxalq təcrübənin öyrənilməsində ölkəmiz üçün bu tədbirin əhəmiyyəti böyükdür və bu ölkəmizdə fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətinə öz töhfəsini verəcəkdir. MDHİU-nun rektoru, sosiologiya elmləri doktoru, professor Vaqif Bayramov səmimi qəbula görə AMEA-nın vitse-prezidentinə öz minnətdarlığını bildirdi. Vaqif Bayramov qeyd etdi ki, tədbir çərçivəsində Azərbaycanın fiziki imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası, onların sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə də inklüziv təhsilin inkişafı ilə əlaqədar gördüyü işlərlə tanış olublar və bu sahədə geniş əməkdaşlıq əlaqələri quraraq birgə layihələr həyata keçirməkdə maraqlıdırlar.
Akademik İbrahim Quliyevlə görüşdə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev də iştirak edirdilər.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD