Bu gün “Beynəlxalq Əlillər Cəmiyyəti”(BƏC İB) və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri Tahir Xudiyev və yaxın günlərdə İranda səfirliyimizə qarşı törədilən terror nəticəsində şəhid olmuş Orxan Əsgərovun atası Rizvan Əsgərov Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı ilə görüşmüşlər. Görüşdə məqsəd 6 fevral tarixində Türkiyə Cümhuriyyətində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ ilə bağlı başsağlığı vermək idi.
BƏC İB-in Türkiyə səfirliyi ilə sıx dostluq və qardaşlıq əlaqələrinin olduğunu bildiyindən Rizvan həkim İB-ə müraciət edərək onun cənab səfirlə görüşünü təşkil etməyi xahiş etmiş və Gəncədən məxsusən cənab səfirə başsağlığı vermək üçün Bakıya gəlmişdir. Türkiyənin 7 şəhərində böyük dağıntılara və saysız-hesabsız insan tələfatına səbəb olan zəlzələnin oğlunun şəhid olmasından sonra ona ikinci zərbə olduğunu bildirən Rizvan həkim görüş zamanı göz yaşlarını saxlaya bilməmişdir.
Rizvan həkim onu da xüsusi qeyd etdi ki, cənab Cahit Bağcı səfirliyin əməkdaşları ilə birgə Orxan Əsgərovun şəhid olduğunu eşidən gün onun evinə gəlmiş, valideynləri ilə görüşmüş, şəhidimizin dəfn mərasimində də iştirak etmiş, atasına, doğmalarına və yaxınlarına başsağlığı vermişdir. Bundan başqa Türkiyə konsulu və konsulluğun əməkdaşları da Gəncə şəhərində mərhum Orxan Əsgərovun yas mərasimində 3 dəfə iştirak etmişlər.
Qeyd edək ki, “Əlillər Dünyası” qəzeti, “Beynəlxalq Əlillər Cəmiyyəti” və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB–in kollektivi zəlzələ baş verən gün cənab səfirin simasında bütün Türkiyə xalqına və dövlətinə başsağlığı məktubu ünvanlamış, bu faciənin bütün Türk Dünyasının faciəsi olduğunu bildirmişlər. Elə həmin gündən BƏC İB Qarabağ üzrə Nümayəndəliyinin rəhbəri Həsənağa Bayramovun rəhbərliyi ilə Türkiyəyə yardımımız davam edir.
Bugünkü görüşün məqsədi isə başsağlığı vermək üçün bilavasitə Rizvan Əsgərovun cənab səfirlə görüşünü təşkil etmək idi.
Tahir Xudiyev onu da bildirmişdir ki, Cəmiyyətimizin 10-larla üzvləri zəlzələdən zərər görmüş ərazilərdə fiziki cəhətdən köməklik üçün hazırdırlar.
Bu görüşdən çox mütəəssir olan cənab səfir zəlzələdən zərər çəkən Türk xalqına cani-dildən köməklik göstərən Azərbaycan dövlətinə və hər bir azərbaycan vətəndaşına təşəkkürünü bildirib.
Məlahət Abdullayeva
"Əlillər Dünyası" qəzetindən
13.02.2023
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD