Sənəti üzrə ali təhsil alan, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Ucal Haqverdiyev 1990-cı ildə Azərbaycanın gənc rəssamlarının Fransada keçirilən sərgisində iştirak etmiş, 1991-ci ildə Tunisdə, 1992-ci ildə Kölndə, 1993-cü ildə Vyanada fərdi sərgiləri təşkil edilmişdir. 1995-ci ildə İstanbulda keçirilən "Azərbaycan və Türk rəssamlarının birgə sərgisi"ndə iştirak etmişdir. Rəssamın əsərləri həmçinin ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə də nümayiş olunmuşdur.
2016-cı ildə Ucal Haqverdiyevin əsərlərindən ibarət sərginin nümayişi zamanı sənətinin davamçısı olan oğlu rəssam Butunay Haqverdiyev demişdir: “Atamın yaradıcılığı haqqında hansısa janr çərçivəsində danışmaq çox çətindir. Çünki o, daim axtarışda olub, müxtəlif sahələrlə maraqlanıb, heç vaxt boş dayanmayıb. Onun yaradıcılığında həlledici məqamlardan biri daim əhatə olunduğu aləmi öyrənməsidir. Bu prinsipə görə, rəssamın işi şəkil çəkmək deyil, ətraf aləmi öyrənməkdir.”
Vəfatından 19 il keçsə də Ucal Haqverdiyevin əsərləri bu gün də heyranlıqla, sevilə-sevilə nümayiş olunur.
Yanvar ayının 27-də İçərişəhərdəki “Bakı Fotoqrafiya Evi”ndə təşkil olunmuş “Gənclik” adlı sərgi də Ucal Haqverdiyevin həyat və yaradıcılığına həsr olunmuş silsilə sərgilərdən biridir. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Bakı Fotoqrafiya Evi” və “Savalan” ASPI WINERY (Azərbaycan) ilə əməkdaşlıq çərçivəsində, həmçinin Azərbaycan Rəssamlar İttifaqı və ART Zone-un dəstəyi ilə keçirilir. Bu sərgi tamaşaçını 1980-ci illərin sonu və 1990-cı illərin Bakısındakı yaradıcılıq mühitinin ab-havası ilə tanış edir. Sərgi çərçivəsində Ucal Haqverdiyevin 1980-ci illərdəki müasirləri olan rəssamların və müəllimi saydığı şəxslərin portretləri nümayiş etdirilir.
Sərgi üçün xüsusi olaraq “Gənclik” pansionatında 1980-1990-cı illərin həmfikir rəssamlarının “spontan birliyi”nin yarandığı dövrün sənədli xronikasından toplanmış qısametrajlı film də nümayiş eidirilir.
Mərhum Ucal Haqverdiyevin həyat yoldaşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Əməkadar rəssam Yelena Haqverdiyevanın dəvəti ilə bu sərgidə iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev və İdarə Heyəti üzvü Ağalar Əliyev sərginin yüksək səviyyədə təşkil olunduğunu və nümayiş olunan möhtəşəm əsərlərdən böyük zövq aldıqlarını bildiriblər.
Yanvarın 27-də açılan sərgi fevral ayının 19-dək davam edəcək.
Məlahət Abdullayeva
Əlillər Dünyası” qəzetindən
17.02.2023
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD